Tayvan Prezidenti Lai Çinq-te Esvatiniyə (Afrikanın cənubunda yerləşən kiçik dövlət) gözlənilməz səfər edərək ölkəsinin beynəlxalq əlaqələr qurmaq haqqını müdafiə edib.
Medianews.az xəbər verir ki, Çin isə səfərə sərt reaksiya verərək Tayvan liderini təhqiredici ifadələrlə hədəf alıb.
Lai, Esvatini Kralı III Msvati ilə görüşdə Tayvanın suveren olduğunu vurğulayıb: “23 milyon insanın dünya ilə əlaqə qurmaq haqqı var və bunu heç kim əngəlləyə bilməz”.
Səfərin əvvəlcədən açıqlanmadığı bildirilib. Tayvan tərəfi bunu mümkün xarici müdaxilələrin qarşısını almaq məqsədilə etdiyini qeyd edib. Daha əvvəl Çin təzyiqi səbəbindən bəzi ölkələrin Tayvan liderinin uçuşuna icazə vermədiyi açıqlanmışdı.
Pekin isə Tayvanı öz ərazisi saydığını təkrarlayaraq digər ölkələri rəsmi əlaqələrdən çəkinməyə çağırıb. Tayvan rəsmiləri Çin açıqlamalarını “təhqiredici və əsassız” adlandırıb.
Qeyd edək ki, Tayvana təzyiqlər ABŞ və Avropa ölkələrinin də tənqidinə səbəb olmuşdu. Esvatini isə Tayvanla rəsmi diplomatik münasibətləri saxlayan azsaylı ölkələrdən biridir.
Medianews.az
