“Like a Virgin” hit mahnısının həmmüəllifi, məşhur amerikalı bəstəkar və “Qremmi” mükafatı laureatı Billy Steinberg ABŞ-ın Los Angeles şəhərində 75 yaşında vəfat edib. Onun uzun müddət xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.
Musiqiçinin vəkili BBC-yə açıqlamasında bu xəbəri təsdiqləyib.
Mərhumun ailəsi onu “dərrakəli söz yazarı, sədaqətli ər, qayğıkeş ata və dövrünün ən əhəmiyyətli musiqi simalarından biri” kimi xarakterizə edib. Qohumları qeyd ediblər ki, Steinbergin sözləri çox vaxt şəxsi təcrübələrə əsaslanıb və sonradan milyonlarla insan üçün əsl himnə çevrilib.
“Billinin həyat yolu ustalıqla bəstələməyin davamlı gücünə və musiqidə səmimiyyətin zamandan üstün ola biləcəyinə sübutdur”, – deyə ailənin rəsmi açıqlamasında bildirilir. Onlar vurğulayıblar ki, “Like a Virgin” mahnısının müəllifi üçün tamaşaçı ilə qurulan əlaqə istənilən mükafatdan daha dəyərli olub – “izdihamın hələ qaralama halında olan sözləri qəbul etdiyi sehrli an”.
Billy Steinbergin peşəkar fəaliyyəti 1980-ci illərin əvvəllərində bəstəkar və prodüser Tom Kelly ilə əməkdaşlıqla başlayıb. Onların yaradıcılıq tandemi bir sıra məşhur hitlərə imza atıb və i-Ten rok qrupunun yaranmasına səbəb olub.
Bəstəkarın ən böyük uğuru 1984-cü ildə müğənni Madonna tərəfindən ifa olunan “Like a Virgin” mahnısı ilə gəlib. Mahnı ABŞ-ın Billboard Hot 100 hit-paradında birinci yerə yüksəlib və sənətçinin ikinci studiya albomunun başlıq treki olub.
Steinbergin digər məşhur əsərləri arasında Cyndi Lauper-in “True Colors” (1986), Whitney Houston-un “So Emotional” (1987) və Divinyls qrupunun “I Touch Myself” (1990) mahnıları yer alır. O, həmçinin Roy Orbison, Celine Dion və The Bangles üçün də mahnılar yazıb.
Billy Steinbergdən həyat yoldaşı Trina, iki oğlu və iki övladlığa götürülmüş uşağı yadigar qalıb.