“Son 30 ildə Azərbaycan Respublikası ərazisində, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin sayı xeyli artıb. Bunu son 10 ildə Azərbaycan “Qırmızı Kitab”ının daxil edilmiş növlərin sayı da təsdiq edir”.
Medianews.az xəbər verir ki, u sözləri “Yeni Sabah”a açıqlamasında ARETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının elmi əməkdaşları Tahir Kərimov və Leyla Əhmədli bildiriblər.
Onlar qeyd ediblər ki, son illər ölkəmizdə nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Nəsil azalmasının səbəbləri
“Qırmızı Kitab”ın 2013 il nəşrinə nadir və nəslikəsilməkdə olan 108 heyvan növü daxil edilmişdisə, 2023-cü il nəşrinə 241 heyvan (152 onurğalı, 89 onurğasız heyvan) növü daxil edilmişdi.
İlk növbədə, növün nəsli niyə kəsilir deyə cavab vermək lazımdır. Növün mənsub olduğu populyasiyanın təbiətdə davamlı inkişafı üçün orada fərdlərin sayı 75-80% səviyyəsində (20% tələfat normaldır) olmalıdır. Əgər bu parametr 5-25% səviyyəsinə endikdə populyasiya tənəzzülə uğrayır və növün təbiətdə itirilməsi təhlükəsi qaçılmaz olur. Bunu da qeyd etməliyik ki, min illər ərzində konkret yaşayış mühitinə uyğunlaşmış növ asanlıqla təbiətdə yox olmur. Çünki hər bir növün biotik potensialı zəif və ya güclü şəkildə mühitin mənfi amillərinə müqavimət göstərir. Ancaq həmin mənfi amillərin təsirləri çox və uzunmüddətli olduqda növün yaşaması böhran xarakterində olur.
Reintroduksiya tədbirləri
XIX əsrdə Azərbaycan faunasından itirilmiş zub növü ilə belə olub. Lakin son illərdə Belarusiyadan gətirilən 61 fərddən ibarət populyasiyası İsmayyıllı rayonu ərazisinə əvvəlki arealına reintroduksiya olunub.
Nəsli kəsilmək təhlükəsində olan növlərə əsasən iki -antropogen və iqlim amilləri güclü təsir göstərib. Belə ki, bütöv təbii landşaftların insan tərəfindən mənimsənilməsi, bəzi bölgələrdə bir sıra növlərin yoxa çıxmasına səbəb olub. Məsələn, miqrasiya yollarındakı təsərrüfat fəaliyyətinin (əhali artımı, yol, tikinti, əkinçilik və s.) artması ceyranların Muğan, Qarabağ, Acınohur düzənliklərində və Ceyrankeçməz sahəsində yox olmasına səbəb olub.
Son illərdə ceyranlar Qarabağ və Acınohür düzənliklərinə reintroduksiya olunmaqla yox olmalarının qarşısı alınıb.
Yenə də antropogen təsirlər nəticəsində Lənkəran təbii vilayətində maral, bəbir, bezoar keçi, qonur ayı kimi növlər itirilib. Ermənistanın ərazisində Qafa, Qacaran şəhərlərinin salınması, yolların çəkilməsi Muflon qoyunun və bezoar keçinin Naxçıvan ərazisindən Şərqi Zəngəzur və Qarabağ ərazisinə miqrasiyasının qarşısını alır. Hazırda bezoar keçinin həmin ərazilərə köçürülməri üçün tədbirlər həyata keçirilir.
Azərbaycan faunasına iqlim sınağı
İqlim dəyişilikləri də (iqlimin yüksəlməsi, su və quru mühitində yaşayış yerlərinin itirilməsi və s) bir sıra fauna növlərini yox olmaq təhlükəsi qarşısında qoyub. Bu amil ilk növbədə iqlimin dəyişilməsi ilə əlaqədar bir sıra növlərin areallarının dəyişilməsidir. Arealların dəyişilməsi nəticəsində bəzi növlər faunamızdan itirilib və əksinə, bəzi yeni növlər qeydə alınıb.
Məsələn, Ərəbistan yarımadasında qışlayan qəşəng dovdaq (Cek) artıq nəsilverdiyi Arazboyu və Qarabağ düzənliyində qeydə alınmır. Əksinə, Azərbaycan faunasında olmayan qaraqanad qırğı son illərdə Naxçıvan ərazisində qeydə alınır. Müəyyən edilib ki, iqlimin istiləşməsi ilə əlaqədar bir sıra növlərin arealları Azərbaycan ərazisindən çıxaraq şimala doğru genişlənir. Bunun nəticəsində bəzi növlər artıq qışlamaq, yuvalamaq üçün ölkəmizin ərazisinə ya gəlmirlər, yaxud da seyrək halda gəlirlər. Bu halda konkret növün faunamızdan yox olmasını qiymətləndirmək olmur. Bunun üçün AQK-na daxil edilmiş 241 nadir, nəslikəsilməkdə olan davamlı və planlı şəkildə monitorinqi həyata keçirilməlir.
Hər addım izlənir: Ölkəmizdə bəbir hələ də yaşayır
Monitorinqin vacibliyini təsdiq etmək üçün zolaqlı kaftarı və bəbiri nümunə göstərə bilərik. Bu növlərin son 30 ildə faunamızdan yox olmaları iddia edilirdi. Ancaq müasir izləmə vasitələrindən (video və foto ilə izləmə) istifadə etməklə bəbirin ölkəmizin bəzi bölgələrində hələ də yaşadığı təsdiq olunub”.

