"Hər bir insanın səhvləri var. Mən heç kimin səhvini ifşa edib danışmıram. Əgər mənə yaxın biridirsə, ondan çox-çox üzr istəyərək deyirəm ki, qəlbi qırılmasın. Birtəhər başa salıram ki, bu, olmaz".
Bu sözləri müğənni İzzət Bağırov "Qapqara" yutub layihəsində deyib.
O, insanların səhvlərinin ictimailəşdirilməsinə və sosial verilişlərdə insanların aşağılanmasına münasibət bildirib:
"Məsələn, instaqram səhifəsində rəy yazanlar var. Mən o adamlara deyirəm ki, bu şeyləri "direct"ə yazsanız, daha yaxşı olar. Çünki sən yaxşılıq etmək istəyirsənsə də, orada yazıb daha da pislik etmiş olursan. Bu şeyləri şəxsiyə yazın, məsələ səninlə onun arasında olsun. Bir adamın 200 min izləyicisi var və ümumi səhifəyə yazırsan. Elə bilirsən ki, yaxşı iş görürsən, amma göz düzəltdiyin yerdə vurub qaşını da çıxarırsan. Çünki Allah sənin bu əməlini bəyənmədi. Ona görə ki, bunu camaatın arasında dedin.
Bizim sosial verilişlərimizdə 70 yaşlı qadını orada otuzdururlar və əyləşən ekspertlər ona sözləri döşəyirlər. Baxırsan ki, adamı az qala öldürsünlər. Başa düşmürlər ki, etdiklərinin hamısı günahdır. Səhv yox, birbaşa günah və haramdır. Çünki sənin 70 yaşına qədər o adamın mətbəxindən xəbərin yoxdur, hansı mərhələləri keçə-keçə gəlib bu hala düşüb. Onun haqda bir şeyi eşidirsən və onu aşağılamağa başlayırsan. Bunlar haram və günahdır". (Axşam.az)