Yol idarəsinin müdiri işdən çıxarılanın günün səhərisi xəbər yayıldı ki, təzə müdir onun qahımlarını idarədən təmizləməyə başlamışdır, ilk olaraq qudasını qovub. Quda müdirin müşaviri vəzifəsində çalışırmış.
Əlbəttə, müdirə ən yaxşı məsləhətləri qudadan başqa kim verə bilərdi ki? Bu temada xalq mahnımız da var: “Yol verin qudam gəlir, Ən əziz adam gəlir”. Yəni, yol idarəsi olmasa qudaya necə yol verəcəksən?
Ancaq, Allaha şükür, dərhal bu fakt təkzib edildi. (İstədim bu yerdə “AAYDA sədri xalqı “ay da” eləməyə qoymadı” yazım, oxuculara yazığım gəldi, onsuz ətrafları düşük söz oyunları ilə qaynaşır. Bunun hətta “Komedixana” adlı faciəvi bir verilişi də var). İdarədən uca millətimizə qaynar-qaynar bəyan edildi: heç bir quda işdən kənarlaşdırılmamışdır. Ürəyimiz yerinə gəldi. Yoxsa hamımızı həyəcan bürümüşdü. Adət-ənənələrdən uzaqlaşdığımızı düşünürdük.
Qahımlıq əlaqələri vacibdir. Camaat hətta qudası ilə birgə ansambl yaradıb 50 min manata toya gedirmiş. Qudanın biri nağara çalır, o biri muğam oxuyur. Gör nə qədər gözəldir. Heç “Beatles”, “Pink Floyd”, nə bilim, “Radiohead” qrupunu quranların ağlına bu yaradılış üsulu gəlməzdi. Uzağı bir-iki qardaş, filan olur. Ta quda ilə qrup... Bu yalnız bizdədir. Hətta ola bilsin uca Tanrı ilk insanları 2 quda şəklində yaradıb.
Quda teması açılmışkən, ağır cinayət məhkəməsində bir tragikomik cinayət işinə baxılır, orda dələduzluqda ittiham edilən yoldaş vaxtilə güc nazirimiz olmuş yoldaşın qudasının ailə üzvüdür. İşin qısa özəti budur ki, bir “qazdan” 500 min manat, üstəgəl 35 min manatlıq qızıl əşyalar alıblar. Guya onu icra başçısı qoyacaqlarmış. Həmin zərərçəkənin məhkəmədə söylədikləri isə sırf anekdotdur: “Açığı, heç mən icra başçısı olmaq istəmirdim, səhhətim buna imkan vermirdi, məni aldadıb yola gətirdilər”.
Haşiyə çıxmaq zərurəti yarandı. Burda da “yola gətirmək” mövzusu var, gördüyünüz kimi. Ona görə yol idarəsinin müdiri həmişə vacib vəzifə sayılmışdır. Yeri gəlmişkən, əlaqədar orqanlara “işverənlik” çıxmasın, köhnə müdirin Nabran yolunda zırpı bir villası var, görün neyləyirsiniz. Həmin villanın pulu ilə Zəngəzurdan Romaya şosse yolu çəkmək olar, Ege dənizin altından tunel qazmaqla. O dərəcə yağlı binadır. Baxan kimi hiss edilir eks müdir bunu halal maaşı ilə, büdcə vəsaitləri hesabına, bəlkə də qudasının məsləhətləri sayəsində tikib ərsəyə gətirmişdir.
Qayıdaq “qaz”ın yanına. Yarım milyondan çox pul verib, ancaq deyir səhhətim imkan vermirdi başçı olmağa... Guya icra başçısı işləməyə səhhət lazımdır. Açığı, bir az da “pişiyin ağzı ətə çatmayanda” situasiyasına oxşayır.
Onun bu cinayət işində “zərərçəkən iş adamı” adıyla keçməsi də mənə maraqlıdır. Deyəsən pulun 60-70 mini geri qaytarılıb, məhkəmə də ola bilsin bu yöndə qərar verəcəkdir. Ancaq buna qarşı dələduzluq edənlər qədər axı bunun özü də dələduzdur! Niyə rüşvət verib başçı keçmək istəyənə qarşı cinayət işi açılmır? Niyə ona vurulan “ziyan” dələduzlardan alınıb dövlət büdcəsinə ödənməsin? Axı hüquq cəhənnəm, adi məntiq deyir ki, əgər bu mexanizm baş tutsaydı adam indi hansısa rayonu sökürdü.
Fövqəladə hallar idarəmizdən isə bir gündə 3 dənə general müavin bayıra atılmışdır. Deyirlər guya onların pensiya yaşı çatıbmış. İnanan daşa dönsün. Bizdə generalların pensiya yaşı olmur. Amma eks-müavinlərdən birinin “indən belə də xarici siyasəti dəstəkləyəcəyəm” cümləsi şəxsən məni güldürdü. Sanki yanğına-selə qarşı yox, məsələn, Fransa senatına qarşı, Rusiya XİN sözçüsü Zaxarovaya, nə bilim, daha hansı diplomata qarşı çalışırmış. Sən daxildə yanğınsöndürən olmusan, xarici siyasətə nə dəxlin var? Generallardan biri daha səmimi çıxıb, işdən çıxarılmağına belə reaksiya verib: “Mən bu barədə nə deyə bilərəm ki?”.
Vallah da. Yola salıblar, gedib. Üzüyola, kirimişcə. Nəzərə alır ki, son illər Kürdəxanı əsas yol qovşaqlarımızdan birinə çevrilmişdir.
16.02.2026, 10:08
47
baxış
Lamiyə