Medianews.az
Yazılmamış epopeyanın xülasəsi
125 baxış

Yazılmamış epopeyanın xülasəsi

Professor Müseyib İlyasovun “Maarif fədaisi: Müseyib İlyasov” adlı kitabı üzərində gəzişmələr

Şahgörən. Bu adda adam indi çətin tapıla. Şahgörən – mənim babamın babasının babası olub. Bu xalis qızılbaş adını indi hətta bizim nəslimizdə də daşıyan yoxdur. Nədənsə nəslimizin adı da ulu babamız Şahgörənin yox, onun oğlu İlyasın (el arasında Eylas deyilir) adına bağlanıb – işğala qədər Laçın rayonunun Oğuldərə kəndində kompakt yaşamış əhalinin bir tirəsi İlyaslar, yaxud İlyas uşağı (el dilində Eylaslar, Eylas uşağı) adlanır. Buna görə Şahgörəndən fərqli olaraq İlyas adı nəsildən-nəslə ötürülməklə yaşadılıb, bütün törəmələrinin olmasa da, bir qisminin soyadında varlığını qoruyub. Ancaq İlyaslar nəslinin indiki Laçın ərazisinə yerləşmiş biz ata uşağından aralıda, başqa bölgələrdə də (məsələn, Qubadlıda) ayrıca qanad kimi, eyni kök üstündə bitmiş bir budaq kimi müstəqil şəkildə artıb törədiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, nəslin adı Şahgörən oğlu İlyasın da yox, ondan bir neçə qurşaq əvvəl yaşamış babalarından hansısa birinin adıyla bağlıdır.

İlyaslar soyu Qaraçanlı oymağının bir qanadı, qaraçanlılar isə Şah İsmayılın sağ yanında yer almış Qaraçorlu qızılbaş tayfasının bir qoludur. On altıncı əsrin əvvəllərinə qədər qaraçanlılar istər ağqoyunlu, istərsə də səfəvi təbəəsi sifətiylə indiki Türkiyə ərazisində, Ərzurum civarında yaşayıblar. Çaldıran savaşından sonra (bəlkə də əvvəl) amansız təqiblərə məruz qalmış əksər qızılbaş tayfaları kimi onlar da yurdlarından didərgin düşüblər, yer dəyişə-dəyişə, nəhayət, Şərur-Dərələyəz mahalında məskunlaşıblar. Nəslin bir qismi Dərələyəzdə həmişəlik yurd salıb, bir qismi də sonradan Şərqi Zəngəzur ərazisinə dağılışıb. Bildiyim qədər Kəlbəcər rayonunda qaraçanlıların yaşadığı bir neçə kənd var. Qubadlı bölgəsində isə bizimlə bir kökdən olan ilyaslılar məskunlaşıblar, onların tanınmış nümayəndələri arasında məşhur çekist Qara İlyasov, böyük şairimiz Ramiz Rövşən də var. Təəssüf ki, ayrılıq müddəti uzandıqca qohumlar, doğmalar arasında əlaqələr də itib.

***

Tarixi məxəzlər göstərir ki, Şahgörənlə oğlu İlyas ailələriylə birgə Dərələyəzin Obana kəndində yaşayıblar. 1831-42-ci illərin məlumatına görə, cəmisi beş ailədən ibarət bu kəndin 13 kişi, 25 qadın sakini olub. Türkmənçay müqaviləsindən sonra tərtib olunmuş “Dərələyəz mahalının kameral təsviri” adlı mənbədə yazıldığına əsaslansaq, həmin illərdə Şahgörən oğlu İlyasın təqribən otuz, arvadı Şahsənəmin iyirmi beş yaşı varmış. Buradan da belə çıxır ki, İlyaslar nəslinin ulu babası aşağı-yuxarı on doqquzuncu yüzilliyin əvvəllərində dünyaya gəlib.

Həmin mənbənin verdiyi məlumata görə, Obana kəndinin əhalisi 1831-ci ildən sonra oradan köçüb, ancaq hara köçdükləri bəlli deyil. Məlumatın davamına 1874-cü ildə tərtib olunmuş “Zəngəzur qəzasının kameral təsviri” adlı başqa bir mənbədə rast gəlinir. Burada verilən bilgilərə əsasən aydın olur ki, Şahgörən oğlu İlyas oğlanları Məmməd (50 yaş), Həsən (45 yaş), bir də İbrahimlə (35 yaş) birlikdə Şərqi Zəngəzur ərazisinə, indiki Laçın rayonunun Qaraçanlı-Künbəzli kəndinə köçüb orada məskunlaşıb. Bu üç qardaşın törəmələri – İlyaslar nəslinin üç tirəsi bu gün də Məmmədli, Həsənli, İbrahimli adlarıyla tanınır.

Fəqət bu kənd də uzun köç yolunun son dayanacağı olmayıb. On doqquzuncu əsrin axırlarına doğru İlyas babamız hər üç oğlunu ailələriylə birgə yanına alıb indiki Oğuldərə kəndinin ərazisinə köçüb, burada qohumu Məcnun Allahverdi oğluyla birgə kəndimizin bünövrəsini qoyub. İlyas oğlu İbrahimin altı oğlundan sonuncusu – Müseyib İbrahim oğlu İlyasov məhz bu kənddə dünyaya gəlib.

***

Gələcək maarifçinin atası, mənim babamın babası Kərbəlayı Molla İbrahim, günümüzə çatmış sənədlərə inansaq, 1839-cu ildə anadan olub. Dövrünün açıq fikirli, qabaqcıl, hörmətli şəxslərindən sayılıb. Dini təhsil alsa da, din xadimi kimi fəaliyyət göstərməyib, sadəcə, savadlı olduğuna görə el arasında ona “molla” deyə müraciət eləyərmişlər. Kərbəlayı İbrahim on doqquzuncu əsrin sonlarında Oğuldərə kəndində öz hesabına ibtidai məktəb açıb, Güney Azərbaycandan olan bir savadlı mollanı həmin məktəbdə dərs demək üçün kəndə dəvət eləyib. Özü 1903-cü ildə dünyadan köçsə də, açdığı məktəb 1920-ci illərə qədər fəaliyyət göstərib.

İbrahimin altı oğlu olub: Ağakişi (üzərində gəzişdiyimiz kitabın müəllifi Müseyib müəllimin babası), Balakişi, Qənbər, Əli (atam Ağa Əliqəmə oğlunun babası), Zülfüqar, Müseyib. Oğlanlarından son üçü ibtidai təhsilini atalarının açdığı məktəbdə alıb. Əli sonralar Minkənddə yerləşən rus-tatar məktəbində təhsilini artırdığına, bir neçə dil bildiyinə, həm də bir müddət Sultan bəyin yanında, daha sonra Gorusda mirzəlik elədiyinə görə el arasında Mirzə Əli adıyla tanınıb. Zülfüqar mədrəsə bitirib ali ruhani dərəcə alandan sonra səkkiz il (1910-1918) Göyçə mahalının qazisi kimi dini vəzifə yerinə yetirib. 1937-ci ilin avqust ayında guya dini təbliğat apardığına görə saxta ittihamla həbs olunub, sentyabrın sonlarında Nargin adasında güllələnib. 1958-ci ildə digər repressiya qurbanları kimi Zülfüqar İbrahim oğlu İlyasov da bəraət alıb.

Kərbəlayı İbrahim oğullarının sonbeşiyi Müseyibin qəziyyəsi, faciəsi isə bir cümləyə, bir abzasa sığan deyil...

***

Bütün bu deyilənlər bizə – İlyaslar nəslinin yeni yetişən törəmələrinə əvvəllər dildən-dilə, necə deyərlər, şifahi şəkildə, rəvayət, dastan kimi gəlib çatardı. İndi isə əlimizdə daşdan keçən sənədlər, mötəbər xatirələr əsasında yazılmış ömür kitabı var. Bu kitab İlyas uşağının ziyalı nümayəndələrindən biri, pedaqogika üzrə elmlər doktoru, ADPU-nun kafedra müdiri, öz qəhrəmanının həm adını-soyadını daşıyan, həm də yolunu davam etdirib məsləkini yaşadan professor Müseyib İlyasovun uzun illərdən bəri çəkdiyi zəhmətin, apardığı araşdırmaların bəhrəsidir.

Elə buradaca indiyəcən heç kimə açmadığım bir uşaqlıq arzumu bölüşmək istərdim: orta məktəbdə oxuduğum illərdə başıbəlalı nəslimizin taleyindən danışan böyük bir dastan (saqa) bağlamaq, “İlyas uşağı” adlı təxminən iki yüz illik bir dövrü əhatə eləyən çoxşaxəli, çoxcildli ailə epopeyası yazmaq arzusundaydım. O zaman belə bir nəhəng işin altına girməyə, əlbəttə, hazır deyildim, sonrakı çətin illərin reallıqları isə bir çox uşaqlıq xəyalım kimi bu arzumu da küsdürüb çin çıxmamış diləklər, puça çıxmış xəyallar arxivinə göndərdi. Nə yaxşı Müseyib müəllim bu kitabı qələmə aldı, əcdadımız qarşısında borcumuzu hamımızın əvəzindən ödədi.

Kitabda müəllif İlyaslar nəslinin bizə bəlli bütün qolları, tirələri, keçmiş-keçəni, törəmələri haqqında məlumat verir, sovet dövrü dünyaya gəlmiş sonuncu nəsillərin nümayəndələrini belə imkan çərçivəsində yaddan çıxarmır. Üstəlik, doğma Oğuldərə kəndinin ilin dörd fəslinə xas mənzərələrini, zəngin fauna-florasını bədii dillə təsvir eləməklə oxucunu faktların, sənədlərin “zəhmindən”, ağırlığından qurtarmağa çalışır.

***

1893-cü il təvəllüdlü Müseyib Kərbəlayı İbrahim oğlu İlyasov Minkənd rus-tatar məktəbini bitirəndən sonra 1906-1907-ci illərdə Şuşada Haşım bəy Vəzirovun müdiri olduğu qəza məktəbində oxuyur. Elm öyrənməyə həvəsi, çalışqanlığıyla diqqət çəkdiyinə görə böyük ədəbiyyatşünas, maarifçi, pedaqoq Firidun bəy Köçərli başqa bir neçə gənclə birgə onun da təhsilini Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında davam etdirməsini məsləhət bilir. Qoridə təhsil almağa 1908-ci ildə başlayan Müseyib seminariyanı 1912-ci ildə bitirir. Bundan sonra vətənə qayıdıb, üç il Bakıdakı ikinci rus-tatar məktəbində müəllim işləyir. 1915-ci ildə öz ərizəsiylə tutduğu vəzifədən azad olunur.

Kitabın “Müseyib İlyasovun pedaqoji fəaliyyəti” adlı bölməsində müəllif daha sonra yazır: “1915-18-ci illərdə Müseyib İlyasov Xosrov bəy Sultanovla birlikdə onun rəhbərlik elədiyi xeyriyyə cəmiyyətinin xəttiylə İrana və Türkiyəyə getmiş, aclıq çəkən yoxsul əhaliyə yardımlar göstərmişdi. Atam deyirdi ki, buradan qızıl pul aparıb, orada daha çox taxıl alıb camaata paylayırmışlar. Azərbaycanda hakimiyyət dəyişikliyi ilə əlaqədar geri qayıdanda xərclənməmiş iyirmi kilo qızılı gətirib Bakıda banka təhvil verib. Deyirdi əmimdən soruşduq ki, onu tələb eləyirdilər, yoxsa özünüz verdiniz? Dedi ki, heç kim istəmirdi, özüm aparıb verdim. Soruşduq ki, verməyə bilərdin? Onda cavabı sərt oldu: - Heç elə şey olardı? Mənə etibar eləmişdilər, o pul xalqın puluydu, xalqa da qaytarılmalıydı”.

***

1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının – darülmüəllimin ilk yaradıcısı, təşkilatçısı da Müseyib İlyasov olmuş, seminariyanın ilk direktoru kimi 1925-ci ilə qədər bu vəzifədə çalışmışdı. Onun rəhbərliyi dövründə sonralar bütün ölkənin tanıyacağı görkəmli şəxslər – Süleyman Rəhimov, Əli Vəliyev kimi Azərbaycan sovet ədəbiyyatının birinci nəslinə mənsub yazıçılar bu seminariyada təhsil almışdılar. Süleyman Rəhimov hətta illər sonra (1931-32) özü də Şuşa Pedaqoji Texnikumunun direktoru olmuşdu – yazıçının xatirələrində həmin dövrlə bağlı çox maraqlı məqamlar var. Əli Vəliyev də bir ara Şuşa seminariyasında müəllim işləmiş, sonralar Laçın rayonunda maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Kitabın müəllifi Müseyib müəllimin atası İbrahim İlyasov da əmisi Müseyibin təşkilatçılığıyla yaradılmış seminariyanın ilk məzunlarından olmuşdu.

1974-cü ildə Şuşa şəhərində pedaqoji texnikumun ilk buraxılışının 50 illiyi təntənəylə qeyd olunub. Həmin tədbirdə Müseyib İlyasovun qızı, o zaman Təhsil Nazirliyində metodist vəzifəsində işləyən Firuzə İlyasova da iştirak eləyib...

1924-cü ildə mərkəzi Laçın şəhəri olmaqla Kürdüstan qəzası yaradılandan sonra Müseyib əfəndi (onu belə də çağırarmışlar) qəza maarif şöbəsinin müdiri təyin olunur, bu vəzifədə çalışdığı beş il ərzində bölgədə əhalinin savadlanması, məktəblərin açılması yolunda böyük fədakarlıq, əvəzsiz xidmət göstərir. 1930-cu ildə o, Bakıya qayıdıb üç il respublika Maarif Komissarlığında işləyir. 1934-də maarif şöbəsinin müdiri qismində yenidən Laçın rayonuna göndərilir, ancaq nədənsə altı ay keçmiş yenə Bakıya dönüb fəaliyyətinə paytaxtda davam eləyir. Sonrakı dövrdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında bir sıra məsul işlərdə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili kafedrasında müəllim  vəzifəsində çalışır. Həmin illərdə Laçın rayonunda əhalinin etnik tərkibinin öyrənilməsi məqsədilə təşkil olunan xüsusi ekspedisiyanın işində fəal iştirak eləyir. Bütün bunlarla yanaşı, Müseyib əfəndi 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I Türkoloji Qurultayın da iştirakçısı olub. Sonralar onun repressiyaya uğramasında yəqin ki, bu faktın özü də bəlli bir rol oynayıb.

***

Kitabın “Müseyib İlyasovun ailəsi” adlı fəslində müəllif yazır:

“1918-ci ildə o, zadəgan nəslindən olan bir xanımla ailə qurur. Bu evliliyin də maraqlı tarixçəsi var.

Həmin vaxt Rusiyadan Azərbaycana bir qrup adam gəlir. Onların arasında bir qız yolda bütün sənədlərini itirir. Qıza məsləhət görürlər ki, Müseyib müəllimə müraciət eləsin. Müseyib əfəndi ona sənədlərini düzəltməkdə kömək göstərib qızı işə götürür. Bir müddətdən sonra ona deyir: “Mənim qardaşım Gəncədə olur (həmin vaxt Molla Zülfüqar təqibdən yayınmaq üçün Gəncədə yaşayırdı), sənə bir məktub versəm, onu mənim qardaşıma aparıb çatdıra bilərsənmi?” Qız razılaşır. Müseyib əfəndi əski əlifbayla bir məktub yazıb verib onu yola salır. Zülfüqar qızı üç gün evində qonaq saxlayır, sonra məktuba cavab yazıb onu Şuşaya qardaşına göndərir. Məktubda belə yazılıbmış: “Bu qızın hərəkətləri, davranışı xoşuma gəldi. Əgər islam dinini qəbul edərsə, onunla evlənməyinə etirazım yoxdur”. Sən demə, Ziba başqa millətdən olduğuna görə Müseyib din xadimi qardaşından onunla evlənməyə icazə istəyibmiş”.

Bundan sonra Müseyib əfəndi həm öz niyyətini, həm də qardaşının fikrini açıb qıza deyir. Qız razılaşır. Şuşalı bir din xadimi ona bir müddət təlim keçir, dilimizi, dinimizi, ayinlərimizi, adətlərimizi öyrədir. Bütün bunlardan sonra qıza müsəlman adı verib Şuşa məscidində and içdirir, Ziba xanımın kəbinini Müseyibə kəsirlər:

“Ziba nənə həqiqətən xanım-xatın qadın idi. Azərbaycan dilində sərbəst danışırdı, ləhcəsi belə duyulmurdu. Müseyibin, demək olar, savad dalınca düşən bütün qardaşı uşaqları təhsil illərində onun evində olmuş, Ziba xanım onların hər birinin əziyyətini çəkmişdi. Mən Ziba nənənin ailə albomuna, uşaqkən ata-anası, bacı-qardaşıyla çəkdirdiyi şəkillərə baxanda onun həqiqətən də zadəgan, aristokrat bir ailədən çıxdığına inandım. Öyrəndim ki, Ziba xanımın illər əvvəl Azərbaycana gəlməsinin başlıca səbəbi də vətəndaş müharibəsi qoynunda çalxanan Rusiyadakı dözülməz vəziyyət, valideynlərinin zadəgan olduqlarına görə bolşeviklər tərəfindən təqibə məruz qalması olub. Bunu da deyim ki, Ziba xanım o zadəganlığı, kübarlığı 1972-ci ilin 31 mayına – ömrünün sonuna qədər qoruyub saxladı”.

***

Müseyib İlyasovun Ziba xanımdan biri Adilə, o biri Firuzə adlı iki qızı dünyaya gəlmişdi.

Adilə 1920-ci ildə Şuşada doğulmuşdu. 1942-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirəndən sonra ordu zabiti Nikolay Petrovla ailə qurub Rusiyada məskunlaşmışdı. Ərinin işiylə əlaqədar İkinci Dünya müharibəsindən sonra bir neçə il Almaniyada yaşayıb yenidən Rusiyaya qayıtmışdı. Həyat yoldaşı istefaya çıxandan sonra Kalinin (indiki Tver) şəhərinə köçüb, 1995-ci ildə həyata gözlərini yumana qədər orada yaşayıb. Doğmaları, o cümlədən mənim atam imkan, fürsət tapanda qərib bibilərini mütləq ziyarət eləyər, ona vətən payı aparardılar.

Firuzə də 1922-ci ildə Şuşada dünyaya göz açmışdı. Orta təhsilini Bakıdakı 132 nömrəli məktəbdə almışdı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirəndən sonra bir sıra sahələrdə, o cümlədən Bakı Plan-İqtisad Texnikumunun direktoru vəzifəsində çalışmışdı. 2009-cu ildə Bakıda dünyasını dəyişib.

Ümumiyyətlə, ataları gedər-gəlməzə yollanandan sonra doğmaları Müseyib əminin (yaşından asılı olmayaraq İlyas uşağının hər bir nümayəndəsi bu gün də onu “Müseyib əmi” deyə yad eləyir) xanımını, qızlarını heç vaxt unutmayıblar. Bununla bağlı müəllif yazır: “Atam əmisinin vəfatından sonra onun ailəsinə imkanı çatdığı qədər həyan olmuş, kömək göstərmişdi. Rusiyanın Kalinin şəhərində yaşayan Adilə ilə müntəzəm məktublaşar, xüsusən payız aylarında ona kənd sovqatı göndərərdi. Ziba nənəylə Firuzə yayda Oğuldərəyə gələr, iki-üç ay bizdə qalıb dincələrdilər. Mən Bakıya köçdüyüm 1977-ci ildən sonra Firuzə mama ilə müntəzəm əlaqə saxlayar, əmoğlu, qardaşoğlu kimi hər həftə ona baş çəkər, atası, əmiləri, keçmiş günlər haqqında xatirələrini dinləyərdim”.

***

Müseyib İlyasovun ömrünün son illəri çox acınacaqlı keçib. Bu vaxt artıq özündən böyük qardaşı Molla Zülfüqar güllələnmişdi, ondan böyük qardaş Mirzə Əli (ulu babamın böyük gəlini Rəhimə nənəm qayınatasının yalı ayaqlarının altına tökülən çal atlardan ibarət ilxısını yaxşı xatırlayırdı; deməsinə görə, kişi o köhlən atlara çox qısqanc yanaşırmış, müştəri çıxana da baha qiymət oxuyurmuş) müflis olmuş vəziyyətdə 1941-ci ildə Bakıya köçüb, atasından sonra hələ otuz il də yaşayası, səhiyyə sahəsində bir çox mühüm vəzifələr tutası həkim oğlu Əhməd İlyasova sığınmış, bir il sonra burada dünyasını dəyişmişdi, Əlidən də böyük Qənbər hələ çarlıq zamanında Kərbəla ziyarətinə gedib geri qayıtmamışdı, orada xəstələnib arzusunda olduğu torpağa qovuşmuşdu.

Göründüyü kimi, İlyas uşağının keçdiyi yollar heç vaxt hamar olmayıb, ulu babalarımız nahaq əcəlin əlindən ta Anadolu yaylasından kiçik Qafqaza qədər köç sürüb ucqar dağlara sığınsalar da, fələyin atdığı oxlardan yenə yayına bilməyiblər. O lənət nəslimizi yüz illərdən bəri izləməkdədir...

Maarif fədaisi Müseyib əfəndinin həyatının son dövrü Bakıdakı 17 nömrəli məktəblə bağlı olub – 1940-cı ilin sentyabr ayından 1941-in sentyabrında həbs olunana qədər o, həmin məktəbdə müəllim işləyib. Bütün xalqımıza olduğu kimi İlyaslar nəslinin genofonduna da ağır zərbələr vurmuş qanlı savaş başlanandan üç ay sonra, sentyabrın 24-də Müseyib İlyasov saxta ittiham əsasında tutulur, 1942-ci ilin 14 fevralında ona səkkiz il həbs cəzası kəsilir. Ancaq həbs müddətini başa vurmaq ona qismət olmur, 1944-cü ilin 12 mayında Müseyib əfəndi Qazaxıstanın Karaqanda şəhərindəki həbsxanada torpağa can borcunu verib qurtulur, fələyin qara yeli daha bir nur çırağını söndürür.

Azərbaycan SSR Ali Məhkəməsinin 4 avqust 1956-cı il tarixli qərarıyla Müseyib İlyasova bəraət verilir. Ömrünü xalqının savadlanmasına, aydınlanmasına həsr eləmiş bir ziyalının, maarif fədaisinin ən böyük mükafatı da elə bu olur.

***

Kitabın “Taleyin acı günləri – 1684 nömrəli məhbus” adlı fəslində müəllif arxivlərdən topladığı materiallar əsasında yazır:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan 2395 nömrəli şəxsi işlə tanışlığım göstərdi ki, 21 sentyabr 1941-ci ildə Müseyib İlyasovun həbs olunması barədə XDİK (Xalq Daxili İşlər Komissarlığı – NKVD) xüsusi (3-cü) siyasi şöbəsinin leytenantı Mişeyev tərəfindən qərar qəbul edilmiş və order yazılmışdır. Üç gün sonra – 24 sentyabr 1941-ci ildə 705 nömrəli orderlə M.İlyasov öz evində həbs edilmişdir. Bibim Firuzə danışırdı ki, evimizdə axtarış apardılar. Əsas üçün heç nə tapa bilməsələr də, atamı apardılar. Əslində axı nə vardı ki, nə də tapıla? Atam dedi ki, bu, nəsə anlaşılmazlıqdır, yəqin tezliklə qayıdar. Lakin belə olmadı, o bir daha qayıtmadı...

Dindirmələr 25 sentyabr 1941-ci ildən başlanıb bir neçə gün davam edir. Ailəsi haqqında verilən suallara cavablarında M.İlyasov həyat yoldaşı Ziba xanımın 47 yaşında, qızları Adilənin 21, Firuzənin isə 19 yaşında olduğunu, atası İbrahimin 1903-cü ildə, anası Pərixanın 1930-cu ildə vəfat etdiyini, üç qardaşından Ağakişinin 80-85 yaşlarında, Balakişinin 75 yaşında, Əlinin 65 yaşında olduğunu, bacısı Aftabın Laçın rayonunun Oğuldərə kəndində yaşadığını, dördüncü qardaşı Zülfüqar İlyasovun isə keçmiş molla olduğunu və 1937-ci ildə XDİK tərəfindən məhkum edildiyini bildirir. Bu dindirmədə nədənsə M.İlyasovun digər bacı-qardaşı Pəricahanla Qənbərin adı protokola düşməyib. Görünür, onlar artıq həyatda olmadıqlarına görə adları da çəkilməyib”.

***

“Yaddaşlarda qalan xatirələr” adlı fəsildə müəllif Müseyib əfəndinin həyatı, fəaliyyətiylə bağlı uzun illərdən bəri topladığı yazılı, şifahi materialların əhəmiyyətli qismini oxucularla bölüşür. Bu bölmədə müəllifin atası Ağakişi oğlu İbrahimin əmisiylə bağlı xatirələri xüsusi yer tutur. Babamın əmisi oğlu, kəndimizin ən müdrik ağsaqqallarından olmuş İbrahim əmini mən yaxşı xatırlayıram – saf yaddaşı, yanımcıl qəlbi, şirin söhbətləri vardı, gənclər onun nəslimizin tarixçəsiylə bağlı danışdıqlarını dinləməkdən doymazdılar.

İbrahim əminin xatirələrindən:

“...Laçında Qəza Maarif Şöbəsinin müdiri işləyən zaman Müseyib əmi başqa bir idarənin müdiriylə nəyə görəsə sözləşir, əmim ona bir şillə vurur. Həmin şəxs şikayət eləyir, iş məhkəməyə düşür. Məhkəmə zalında şikayətçi ilə “müttəhim” yanaşı əyləşirlər. Məhkəmənin qərarıyla Müseyib əmi beş manat cərimə olunur. Hökm oxunan kimi əmim həmin adama möhkəm bir şillə vurur. Zala çaxnaşma düşür, əmim dərhal on manat çıxarıb hakimin masasının üstünə qoyur, ikinci şillənin də pulunu ödədiyini deyir. Hakim söz tapmağa çətinlik çəkir, küsülüləri elə zaldaca barışdırırlar...

...Bir dəfə birlikdə Kəlbəcərdəki İstisuya gedirdik. Dumanlı-çiskinli bir gün idi. Mıxtökən deyilən yerdə dincəlmək üçün atlardan düşüb bir alaçığa yaxınlaşdıq. Alaçıq yiyəsi Müseyib əmini tanıyıb bizi hörmətlə qarşıladı. Getmək vaxtı çatanda atların dumana qərq olduğunu görüb onları axtarmağa başladım. Atları tapanda əlində tüfəng, çiynində yapıncı bir nəfərlə rastlaşdım. Kimliyimi soruşdu, əmimin adını eşidən kimi mənə qoşulub alaçığa gəldi. Görüşdülər, əmim ona: “Yusif bəy, bu nə tüfəng, bu nə geyimdir?” deyəndə bəy ona təqib olunduğunu, bu səbəbdən qaçaq düşdüyünü bildirdi. Əmim ondan soruşdu: “Bakıya gedə bilərsənmi?” Yusif bəy cavabında dedi ki, bəli, gedə bilər. Əmim kağız, qələm götürüb bir məktub yazdı, tapşırdı ki, Bakıda filankəsi tapıb bu kağızı ona çatdırsın. Yusif bəy həmin məktubun hesabına “üzə çıxdı”, ömrünün sonunacan Bakıda cürbəcür vəzifələrdə çalışdı...

...Müseyib əminin dostu-simsarı çox idi, evinin qapısı qohum-qardaş, tanış-biliş üzünə həmişə açıq olardı. Süleyman Rəhimov, Əli Vəliyev bu evə tez-tez gələrdi. Bir dəfə onlarla birgə Musa Şəmsəddinski adlı bir məsul şəxs də qonaq gəlmişdi. Söhbət zamanı o, Kommunist Partiyasına üzv keçməsi üçün əmimə çox təkid göstərdi. Əmim onda da, sonralar da bu işə razılıq vermədi. Səbəbini soruşanda deyərdi ki, mən maarifçiyəm, xalqın savadlanmasına çalışıram, partiya mənlik deyil...”

***

Kitabda Süleyman Rəhimovun, Əli Vəliyevin Müseyib əfəndi haqqında yazdıqlarına da yer verilib. Süleyman Rəhimovun “Dağlar məni səslədi (xatirat və təəssürat)” adlı povestindən:

“Laçının Oğuldərə kəndindən çıxan, inqilabdan əvvəl məşhur Qori seminariyasını bitirən, Şuşada açılan darülmüəllimin ilk təşkilatçısı və müdirlərindən olan, sonralar qəza maarif şöbəsinin müdiri vəzifəsində çalışan Müseyib İlyasov bir fədai-mücahid kimi hərəkət edir, dağ obalarının hamısına maarifin, mədəniyyətin yayılmasına çalışır, cəhalətə qarşı sözün əsl mənasında çarpışırdı”. (“Azərbaycan” jurnalı, 1967, №11)

Əli Vəliyevin “Onları unutmaq olmaz” adlı məqaləsindən:

“Qəza kəndlərində məktəb binası yox idi. Yeni binalar tikmək, uşaqları məktəbə cəlb etmək məqsədilə qəza maarif şöbə müdiri Müseyib İlyasovun işgüzar fəaliyyətini xüsusilə qeyd eləmək lazımdır. Qəzanın Oğuldərə kəndindən olan Müseyib İlyasov Qori seminariyasını qurtarmış, Şuşa seminariyasında işləmiş, maarif cəbhəsinin fədaisi kimi hörmət qazanmışdı... Müseyib İlyasov tikilən məktəb binalarını vaxtaşırı yoxlayır, hər cür köməklik göstərib işləri sürətləndirirdi.

Müseyib İlyasov müəllimlərin qəza mərkəzinə çağırılmasına nadir hallarda razılıq verərdi. Onun həm özü, həm də inspektorlar məktəbə gedər, müvəffəqiyyət və nöqsanları yerində görər, məktəbə lazımi yardım göstərərdi.

Müseyib İlyasov müəllimlər qarşısında çıxış edəndə bir məsələni həmişə xatırladardı: “Xalq müəlliminin ümdə vəzifəsi savadlı, bilikli, mədəniyyətli şagird və tələbə tərbiyə etməkdən ibarətdir”.

Qəza zəhmətkeşləri arasında dərin hörmət qazanmış Müseyib İlyasov müəllim kadrları hazırlamaq məqsədilə son sinif tələbələrinin savadlılarından Şuşa yay pedaqoji kurslarına göndərər, yeni dərs ilində onları müəllim təyin edərdi.

Müseyib İlyasov həm təvazökar, həm də qayğıkeş idi. Öz üzərində işləməyən, sinfə hazırlıqsız girən, konspektsiz dərs deyən müəllimlərdən acığı gəldiyi kimi, bacarıqlı, bilikli, zirək, işlək, gündən-günə irəli gedən müəllimlərə hər cür qayğı göstərər, kömək əlini uzadardı”. (“Sovet kəndi” qəzeti, 1974-cü il)

***

Bunlarla yanaşı, Əli Vəliyev “Qohumlar”, “Samovar tüstülənir” povestlərində, “Nurlu və nəcib şəxsiyyət” (“Azərbaycan müəllimi” qəzeti, 28 iyun 1968-ci il) məqaləsində, bir sıra başqa əsərlərində də Müseyib İlyasovun şəxsiyyətindən, maarifçilik fəaliyyətindən geniş bəhs açıb. Müəllif yazır: “Hətta Müseyib əfəndinin qardaşı Mirzə Əlinin nəvəsi mərhum Ağa Laçınlının uzun illər əvvəl mənə dediyinə görə, bir dəfə Əli Vəliyev ona etiraf eləyib ki, “Budağın xatirələri” romanındakı Mütəllib əfəndi obrazının prototipi də şairin Müseyib babasıdır”.

Daha sonra müəllif nəslinin “görkəmli şəxsiyyətlərindən biri” kimi hörmətlə andığı şair Ağa Laçınlının Süleyman Rəhimovla bağlı xatirə yazısından bir parçanı oxucuya təqdim eləməyi də lazım bilir:

“Süleyman Rəhimovla ilk tanışlığımız Bakıda onun qonaqlı-qaralı evində oldu. Bir axşam zəngsiz-filansız evinə getmişdim. Payım da ilk şeirlər kitabım idi. Qapını üzümə özü açdı. “Utanma, utanma, keç içəri” deyib hal-xoş elədi. Kimliyimi soruşub bildi. Kitabı verdim. Elə dəhlizdəcə o çərəkəni dodağına aparıb öpdü. Sığalladı. Gözaydınlığı verdi. Onun sevinci məni mat qoymuşdu. Öz-özümə dedim: “Bu kişi nəyə görə belə sevinir?”

Kitabça onun qalın-qalın əsərlər yazmış iri əlində bir tikə çörək boyda görünürdü. Qolumdan yapışıb məni yekə iş masası qoyulmuş orta otağa apardı. Sözə özü başladı:

- Hə, igidin adını eşit, üzünü də gör. Sən Laçının hansı kəndindənsən?

- Oğuldərədənəm.

- Belə de! Olmaya İlyasovlardansan? Bir suyumun həkim Əhmədə, həkim Heydərə oxşayır.

- Düz bilmisiniz. Əhmədin, Heydərin qardaşı oğluyam.

- Bəs Müseyib əfəndinin?

- Onun da qardaşı nəvəsiyəm.

Bir anlığa gözləri aşağıya zilləndi. Dərindən köks ötürdü.

- Hayıf Müseyibə, çox hayıf! - dedi. - Müseyib yara olub köksümüzə yapışdı. Onun kimi maarifçi az-az tapılar. Nə suçu vardı yazığın? Müseyib əfəndi Bakıda, Şuşada da böyük maarif işləri aparmışdı. Özü də bir çoxları kimi tamamca havayı güllənin qurbanı oldu. Büllur adam idi, əvəzsiz adam idi. O tutulanda mən mərkəzi komitədə işləyirdim. Bir gün Müseyib barəsində ağız açmaq üçün Mircəfər Bağırovun yanına getdim. Kefinin duru yeri idi. Sözümü axıracan dinlədi. Dəstəyi götürüb kiməsə zəng vurdu. Telefonda ona nəsə dedilər. O da mənə bildirdi ki, artıq gecdi...”

***

Nəvə Müseyib İlyasovun baba Müseyib İlyasov haqqında yazdığı (yeri gəlmişkən, hər iki Müseyibin adı-soyadı, məsləki kimi atalarının, analarının adı da eynidir) kitabın missiyası görkəmli maarifçi Müseyib İlyasovun taleyinə, eləcə də ölkəmizin maarifçilik tarixinə işıq salmaqla məhdudlaşmır. Başqa məziyyətləriylə yanaşı, bu kitab mənim də mənsub olduğum nəslin yaddaş kitabı, İlyas uşağının ensiklopediyası, qırx il, qırx beş il qabaq yazmağı arzuladığım, ancaq yaza bilmədiyim nəsil epopeyasının həm qısa xülasəsi, həm də yol xəritəsidir. Bəlkə də İlyas oğullarından kimsə nə vaxtsa irəli çıxıb, o dastanı, bədii salnaməni yazmaq üçün qol çırmayacaq. Onda bu şəcərə kitabı, bu ömür xəritəsi həmin o cəsarətli oğulun köməyinə çatacaq...

Fəxri Uğurlu

         

Bizə qoşulun