Bu gün Qəbələ rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkan episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Medianews.az bildirir ki, maqnitudası 5-dən yuxarı zəlzələ iki ay qabaq - aprelin 8-də Xəzər dənizində də qeydə alınmışdı. Həmin zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala rayonlarında 4-3 bal hiss olunmuşdu.
Medianews.az son 5 ildə Azərbaycanda maqnitudası 5 və ya 5-dən yuxarı olan digər zəlzələlərin də xronologiyasını təqdim edir.
2025-ci il dekabrın 23-də də Xəzərdə maqnitudası 5 olan zəlzələ baş verib.
2024-cü il iyunun 28-də Lerikdə 5 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.
2024-cü il mayın 11-də Lənkəran rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. Episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı,Salyan, Beyləqan, İmişli, Füzuli, eləcədə Qarabağ ərazisində və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
2024-cü il yanvarın 19-da Saatlı və Sabirabad rayonlarının sərhədində 5,1 maqnitudalı zəlzələ olub. Zəlzələ episentrdə 4, Biləsuvar, Nefçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Kürdəmir, Ağdaş və digər rayonlarda 4-3 bala qədər hiss edilib.
2023-cü dekabrın 7-də Respublika Seysmoloji Xidmət Mərkəzinin Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 olub. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss edilib.
2023-cü il noyabrın 8-də Azərbaycan-İran sərhədində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara, Masallı, Biləsuvar, Saatlı, Beyləqan, Ağdam rayonlarında 5-3 bala qədər hiss olunub.
2023-cü il sentyabrın 3-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Ucar, Göyçay, Mingəçevir, Yevlax, Bərdə, Ağdam, Füzuli, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Hacıqabul, Cəlilabad və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
2023-cü il iyulun 4-ü Respublika Seysmoloji Xidmət Mərkəzinin Siyəzən stansiyasından 52 km şimalda, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
2021-ci il noyabrın 20-si Şamaxı rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss edilib.