ABŞ-da gənc qadının küçədə sevgilisi ilə gəzərkən pitbul cinsindən olan itin hücumuna məruz qalması dəhşətli anlara səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə şəhər küçələrinin birində baş verib. İddialara görə, ağızlığı olmayan pitbul qəfil şəkildə qadına hücum edərək onu yerə yıxıb. Qadının köməyinə ilk olaraq sevgilisi çatıb və iti uzaqlaşdırmağa çalışıb. Lakin heyvan uzun müddət qadını buraxmaqdan imtina edib.
Hadisə ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Görüntülərdə ətrafdakı insanların da qadını xilas etmək üçün müdaxilə etdiyi əks olunub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları yaralı qadına ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıblar.
Qadının səhhəti ilə bağlı ətraflı məlumat açıqlanmasa da, hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hücumun görüntüləri qısa zamanda yayılaraq böyük rezonans doğurub.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az