“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mayın 13-də Azərbaycan Kubokunun finalında üz-üzə gələcəkləri “Zirə” ilə matçdan danışıb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, azarkeşləri tribunalara çağırıb.
“Mənim üçün böyük şərəfdir ki, buradayam. Ardıcıl ikinci ildir ki, kubokun finalında oynayacağıq. Hər bir ölkədə kubok finalı çox böyük hadisədir. Adətən mövsümün sonunda keçirilən finalda bəzi klublar gözəl fürsət əldə edirlər ki, titul qazansınlar. Bəzi ölkələrdə superkubok da var. Biz səbirsizliklə sabahkı oyunu gözləyirik.
Rəqibimiz “Zirə”ni də təbrik edirəm ki, finala çıxıb. Düşünürəm ki, sabah meydanda hər iki komanda çox yaxşı oyun göstərəcək. Hər kəsi tribunalara çağırıram. İnanıram ki, azarkeşlər də oyundan həzz alacaqlar. Biz ötən mövsüm kuboku qazanmışıq. Çalışacağıq ki, yenidən bu titulu əldə edək. Çox kubok finalları görmüşəm. Bilirəm ki, finallar hər iki komanda üçün necə çətin olur. Düşünürəm ki, sabahkı oyunda biz dram, çoxlu qollar, həyəcanlı oyun görəcəyik. İstərdim ki, meydandan ən yaxşı olan komanda qalib ayrılsın”, - məşqçi qeyd edib.