ABŞ–İran danışıqlarının nəticəsiz qalması və Hörmüz boğazı ətrafında gərginliyin artması dünya bazarlarında ciddi dalğalanmalara səbəb olub.
Medianews.az xəbər verir ki, Hörmüz boğazında mümkün blokada riski neft qiymətlərini kəskin artırıb.
Brent neftinin bir bareli həftənin əvvəlində 7 faizdən çox bahalaşaraq 102 dolları keçib, WTI isə 104 dollara yaxınlaşıb.
ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası planı və Tehranın sərt cavabları enerji bazarlarında “ən pis ssenari” qiymətləndirmələrini gücləndirib.
Qızıl qiymətləri isə neft bahalaşmasının inflyasiya və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini gecikdirə biləcəyi gözləntiləri ilə təzyiq altında qalıb. Qızılın unsiyası ucuzlaşıb.
Avropa qaz bazarında da qiymətlər yüksəlib, çünki enerji təchizatı ilə bağlı risklər artıb.
Analitiklər bildirirlər ki, bazarların gələcək istiqaməti əsasən Hörmüz boğazındakı vəziyyət və beynəlxalq diplomatik xəbərlərdən asılı olacaq.
Medianews.az