Paralel dünyanın adamları xoşbəxtdir, nə qulağımızın dibində gedən müharibənin dərdini çəkirlər, nə dükan-bazardakı bahalaşmanın, nə başqa aeroportlarda, türkün sözü, mahzur qalanların, nə də başqa bir şeyin.
Onların öz balaca dünyası var, başlarını xırda-mırda qayğılarla, cılız, ucuz, düşük söhbətlərlə, dildəqayırma qalmaqallarla qata-qata yaşayırlar.
Düzdür, dünyanın, müharibənin, bəşəriyyətin, sosial problemlərin dərdini çəkənlər də öz ciddi düşüncələri və müzakirələri ilə heç nəyə təsir göstərə bilmirlər, amma heç olmasa, başa düşürlər ki, Yerə doğru asteroid gəlirsə və dövlətlər bir-birini nüvə silahı ilə hədələyirsə, gedib Sulutəpədən yuxarıdakı su çıxmayan quru təpələrdən 3-4 sot torpaq almağın yeri yoxdur, bir az gözləməkdə fayda var.
Paralel dünyanın adamlarının elə qanqaraldıcı informasiyalardan xəbərləri yoxdur. Varsa da, bu onları ilgiləndirməz. Onların bir dərdi var: nə etsinlər, necə eləsinlər ki, gündəmdə olsunlar, camaat bunlardan danışsın, saytlar barələrində nəsə yazsın, bunların şöhrəti, toyları, sponsorları, yaxınlaşıb şəkil çəkdirənləri artsın.
Məsələn, dünən baxıram ki, saytlarda bir müğənni yekə bir qazın boynuna kəndir salıb, küçəyə çıxarıb gəzdirir və kamera qarşısında deyir ki, həyat yoldaşı 8 Martda ona qaz alıb. Qaza “qusi, qusi, qa-qa-qa” deməyindən də anlaşıldı ki, xanım, poçti, rusdilliymiş.
Əlbəttə, bu, çox mühüm xəbərdir, manşetlərdən getməlidir. İlin-günün bu vədəsində ömür-gün yoldaşına diri qaz almaq nə deməkdir? Qətərdə qaz-kondensat müəssisəsinin vurulması, bu səbəbdən Avropada qazın qiymətinin kəllə-çarxa qalxması boş şeydir, əsas məsələ müğənniyə bağışlanan ağ qazdır. Amma qaz gərək iki dənə olaydı. Çox da ola bilərdi. Qaz sürüsü. Xəbəri də bu cür: “Müğənni qaz ferması açır”. Pəh! Vallahi, videonun baxış sayı Nadir Qafarzadənin növbəti dəfə baba olması videosunun baxış sayının rekordunu qırıq-qırıq edərdi.
Paralel dünya, bax, budur: İran qaz müəssisəsini vurur, qaz anbarları boşalır, müğənni isə qaz gəzdirir. Şimali Koreya da o tərəfdən qaza gəlib, deyir, elə eləməsin, İsraili vurum. N qədər ölkə məruz qaldıqları sanksiyaların dərdini çəkir, bir o qədər sənətçi telekanal efirinə buraxılmalarına qoyulmuş qadağanın. Hərənin dərdi özünə dəvədir.
Hələ başqa biri var, anasına pul buketi bağışlayıb. Adam orijinallıq edib, əvvəlki ana uşaqları kimi etməyib, “8 martdır, anacan, lap tezdən oyanmışam, əllərimdə gül-çiçək qarşında dayanmışam” şeiri oxumayıb, pul əskinasların qönçə güllər kimi bürmələtdirib, çələng düzəltdirib, gedib dayanıb anasının və videokameranın qarşısında.
Əsas videokameradır, ana olmasın, sevgili canan olsun. Bu şəxsin pulla bağlı hoqqaları çoxdur. Düzdür, adı Rusiya tərəflərdə pis çıxıb, amma şakərindən qalmır, onda görürsən ki, xəbər çıxdı: “Filankəs fanatlarına böyük məbləğdə pul bağışladı”; “Həmvətənimiz yarışma keçirdi, qalibə avtomobil hədiyyə etdi”. Reklam, piar, hay-küy. Sonra başqa bir şey. İnsanlar da baxır, deyir, bomba oğlandır.
Ötən illərdə “bomba oğlanlar” evakuatorun belində bantlı maşın yüklətdirib şəhərdə gəzdirir, video çəkə-çəkə gedirdilər. Müşahidə edənlərin qəlbini təbii və səmimi paxıllıq hiss doldururdu. Bu üzdən neçə-neçə sevgili cütlüklərin arasına pərxaşlıq düşürdü: nişanlı qız ayı kuklasını qaytarıb gədənin üzünə çırpırdı ki, xalxın sevgilisi öz “aşkito”suna maşın hədiyyə edir, sən başımı “mişka” ilə aldadırsan.
Sonradan məlum oldu ki, evakuator belində gəzdirilən bantlı avtomobil süjetləri reklam çarxı imiş. Ta bilmədik bu reklamdan sonra camaat avtomobil salonlarına tokülüşüb “o maşından bir dənə də mənə çək” basabası saldılarmı, salmadılarmı.
Azərbaycanın “Avroviziya 2026” müsabiqəsində “Just Go” mahnısı ilə JIVA-nın təmsil etməsi da həmin paralel dünyada baş verir. Bu biri dünyada mahnı, şou heç kəsin qulağına deyil. Elə avropalıların da. Soruşsaq, deyəcəklər, vəsf zamanı deyil, ser, dünya dağılır.
**
Dünya köhnə dünyadır, klounları təzədir.
Samir SARI