Avqustun 27-də Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə (liqa mərhələsi) vəsiqə qazandı.
Medianews.az qeyd edir ki, Çempionlar Liqası UEFA-nın baş klub turniridir.
Çempionlar Liqasında 2025-2026 mövsümü 36 komandalıq liqa mərhələsi ilə davam edəcək. 8 turdan ibarət raund sentyabrın 16-da start götürüb 2026-cı il yanvarın 28-də bitəcək. Reqlamentə görə, ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alır.
İngiltərədən “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Nyukasl”, “Tottenhem”, İtaliyadan “Napoli”, “İnter”, “Atalanta”, “Yuventus”, İspaniyadan “Barselona”, “Real”, “Atletiko”, “Atletik”, “Vilyarreal”, Almaniyadan “Bavariya”, “Bayer”, “Ayntraxt” (Frankfurt), “Borussiya” (Dortmund), Fransadan PSJ, “Marsel”, “Monako”, Niderlanddan PSV, “Ayaks”, Portuqaliyadan “Sportinq”, Belçikadan “Union”, Türkiyədən “Qalatasaray”, Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos” liqa raunduna birbaşa gəlib.
Təsnifat mərhələlərini Qazaxıstandan “Kayrat”, Danimarkadan “Kopenhagen”, Kiprdən “Pafos”, Azərbaycandan “Qarabağ”, Portuqaliyadan “Benfika”, Belçikadan “Brügge”, Norveçdən “Bode-Qlimt” dəf edib.
Turnirin finalı 2026-cı il mayın 30-na (Budapeşt) təyin olunub.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında indiki heyətdən “Real” 15, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) 3, “Benfika”, “Yuventus” və “Çelsi” 2, PSV, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.

“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Azərbaycanda böyük sevincə səbəb olduğu kimi, bəzilərində pessimist düşüncələr, daha dəqiqi, proqnozlar da doğurmağa başlayıb.
Belə ki, sosial şəbəkələrdəki bir sıra müzakirələrdə “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində iri hesabla uduzacağını, “7-8 qol buraxacağını”, “biabır olacağımızı” söyləyənlər var.
Bloqçu Fərid Pərdəşünas bu cür rəylərə kəskin reaksiya verib.
Medianews.az-ın məlumatına görə, F.Pərdəşünas sosial media hesabında yazıb:
“Bu cür fikirlərlə ruh düşkünlüyü yaradan ruhsuz adamlar başa düşmürlər ki, bir Azərbaycan klubu üçün Çempionlar Liqasına getmək nə dərəcədə əhəmiyyətlidir.
Başa düşə bilmirsinizsə, izah edim ki, Azərbaycan klubları hələ Konfrans Liqasına düşə bilmir. Yəni bu gün Qurban Qurbanovun baş məşqçilik etdiyi “Qarabağ” komandası olmasa, bəlkə bir 15 il sonra hansısa Azərbaycan klubu belə uğur əldə edər. “Qarabağ”ın özü bu stabilliklə bunu 8 il sonra edə bildi.
Yəni indiki şərtlərdə bu, 10 ildə bir dəfə baş verən hadisəyə çevrilib. Bu bizim üçün çox əhəmiyyətlidir. Alınacaq nəticənin ona görə önəmi yoxdur ki, bizi 8 möhtəşəm oyun təcrübəsi gözləyir. Çempionlar Liqasının ötən mövsümündə play-off oynadıq, ümumilikdə 4 dəfə play-off oynamışıq. Artıq ikinci dəfə Çempionlar Liqasına gedirik. Bax, belə-belə bir də gördünüz, tez-tez getməyə başladıq və yavaş-yavaş da nəticələr əldə olundu.
İnkişaf bununla baş verir. Dünənki oyundan sonra “Qarabağ” klub dəyəri qədər qazanc əldə etmiş oldu. Rəqəm “Qarabağ” klubu üçün çox ciddidir. Ümid edirəm, rəhbərlik heç olmasa bu pulun yarısını gələn il üçün transferlərə xərcləyər.
200.000-ə alınan oyunçudan 2 milyonluq, 400.000-ə alınan oyunçudan 4 milyonluq oyunçu düzəldən Qurban Qurbanovun sehrli dəyənəyinə 2 milyonluq və ya 4 milyonluq oyunçu alıb versən, bəlkə elə 20 milyonluq oyunçu çıxaracaq? Niyə bunu yoxlamayaq? Bu pulu da elə Qurbanov qazandırıb.
“Qarabağ” klubu daha çoxunu istəməlidir. Acgöz olmalıdır. Azarkeşlər də daha çoxunu istəməlidir. İnkişaf belə olur. Yoxsa “ay Azərbaycana oyunçu gəlmir, Bakıda külək əsir” və başqa bu kimi bəhanələr boş şeydir. Çempionlar Liqasında kim oynamaq istəməz ki?!
Şəxsən mən İspaniyanın Madrid şəhərində, “Santyaqo Bernabeu” stadionunda “Qarabağ”la “Real Madrid”in qarşılaşmasını izləmək istərdim”.
Toğrul Əli,
Medianews.az