Aprelin 8-də iki həftəlik atəşkəs razılaşması ilə dayanan müharibənin - ABŞ və İsrailin İrana qarşı apardığı savaşın hazırkı məqamda qalibi varmı?

Medianews.az-ın sualını cavanlandıran politoloq Elxan Şahinoğlu deyib:
“Qalib yoxdur. Hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb.
Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə başlayarsa və ballistik raket istehsalını bərpa edərsə, deməli, İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq.
Ancaq orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə, 90 milyonluq əhalinin təminatlarını ödəməlidir.
Müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdi, dükan sahibləri etiraza qalxmışdılar. İndi müharibənin ağır nəticələrini ortadan qaldırmaq lazımdır,sosial problemlərin həlli daha da çətinləşib. İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Çünki Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək.
Həqiqətən müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qalmışdı atəşkəsə riayət etmək ola...”
Nailə Qasımova,
Medianews.az