Çinin Makao şəhərində qeyri-adi hadisə baş verib. Humanoid robot yaşlı qadını qorxutduğu üçün polis müdaxilə edib.
Medianews.az -ın məlumatına görə, hadisə yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.
Bildirilir ki, 70 yaşlı qadın telefonuna baxarkən robotun səssizcə arxasında dayandığını görərək təşvişə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının robota qışqırdığı və çantasını yellədiyi, robotun isə qollarını qaldırdığı əks olunub.
Polis əməkdaşları daha sonra Unitree G1 robotu ərazidən uzaqlaşdıraraq operatoruna təhvil verib. Qadın özünü pis hiss etdiyini bildirdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun robotla fiziki təmasda olmadığını təsdiqləyiblər. Zərərçəkmiş operatora qarşı şikayətçi olmayıb, operator isə hadisəyə görə üzr istəyib.
Məlumata görə, robot yaxınlıqdakı tədris mərkəzinə məxsus olub və tanıtım məqsədilə istifadə edilirmiş. Sistem həm avtonom proqramlaşdırma, həm də uzaqdan idarəetmə ilə işləyirmiş.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər müxtəlif zarafat və tənqidi fikirlər paylaşıblar.
Medianews.az