Medianews.az
Prezidentin fərmanı necə icra olunur? -
1,544 baxış

Prezidentin fərmanı necə icra olunur? - Nazirliyin açıqlaması

Məlum olduğu kimi, iyulun 31-də Prezident İlham Əliyev “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi haqda fərman imzalayıb. Fərmana əsasən, nazirliyin vəzifələri sırasına bunlar da daxil edilib:

- Müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

- Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək.

Mədəniyyət Nazirliyi bu fərmandan irəli gələn hansı addımları atır, hansı tədbirləri həyata keçirməyi planlaşdırır?

Medianews.az belə bir sualla nazirliyə müraciət edib.

Saytın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan dilini daima diqqət mərkəzində saxlayır, ana dilimizin inkişafı və saflaşdırılması məqsədilə müntəzəm strateji sənədlər imzalayır: “Dövlət Dil Komissiyasının məhz Prezidentin sədrliyi ilə fəaliyyət göstərməsi də ölkə başçısının dövlət dilimizə nə qədər böyük önəm verdiyinin təzahürüdür.

Cənab İlham Əliyevin 31 iyul 2025-ci il tarixində imzaladığı fərmanla “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilmiş və nazirliyin vəzifələri sırasında Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və tətbiqi sahəsində yeni istiqamətlər müəyyən olunmuşdur.

Mədəniyyət Nazirliyi tərəfindən bu mühüm strateji qərarın icrasını təmin etmək məqsədilə ilk növbədə Azərbaycan dilinin tətbiqi, normativ-hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycan dilinin inkişafı və saflaşdırılması istiqamətdə müvafiq dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi və məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Azərbaycan dili milli kimliyi ifadə edən mühüm mədəniyyət faktoru kimi nazirliyin mədəniyyət strategiyasının əsas müddəalarından birini təşkil edir və fəaliyyətində prioritet istiqamət olaraq müəyyən edilmişdir.

Eyni zamanda, Azərbaycan dilinin zənginliyinin və müasir dövrdə istifadəsinin təşviqi, milli ədəbiyyatımızın xarici ölkələrdə daha geniş tanıdılması və təbliği istiqamətində layihələr hazırlanır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun