Medianews.az
Pəhləvilər, yoxsa molla rejimi? -
364 baxış

Pəhləvilər, yoxsa molla rejimi? - Bizim üçün fərqi varmı?

“İranda vəziyyət ciddi xarakter alıb. Şahın oğlu iki müraciət yayıb. Birincidə xalqı küçələrə çıxmağa, ikincidə silahlı qüvvələri xalqın tərəfinə keçməyə çağırıb”. Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl İran İslam Respublikasında vüsət alan kütləvi etiraz aksiyalarını Medianews.az-a şərh edərkən belə deyib.

O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı şəhərlər etirazlara qoşulmayıb: “Hesab edirəm ki, doğru taktikadır. Çünki bu gün İranda xalqın seçdiyi legitim hakimiyyəti yalnız Prezident Məsud Pezeşkian təmsil edir.

Şahın oğlunun təmsil etdiyi Pəhləvilər sülaləsinin isə təməli əvvəldən qanunsuz qoyulub. Rza Pəhləvi Qacarlar sülaləsini qeyri-qanuni şəkildə devirib. Ondan sonra taxta çıxan Məhəmməd Rza Pəhləvi Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökumətini və Hərəkatını qan içində boğub. Nəvə Rza Pəhləvinin də onlardan fərqlənəcəyi inandırıcı deyil”.

C.İsmayıl vurğulayıb ki, Azərbaycan türkləri üçün Pəhləvilərlə molla rejimi arasında heç bir fərq yoxdur: “Hər ikisi güneyli soydaşlarımıza qarşı milli-etnik ayrı-seçkilik siyasəti yürüdüb, ana dilində təhsil almaq haqqımızı əlimizdən alıb, milli haqlarını tələb edən on minlərlə soydaşımızı gedər-gəlməzə yollayıb.

Ona görə də bu dəfə ayıq-sayıq olmalı, Səfəvilər dövründən bəri bizi aldadaraq öz çirkin planlarını reallaşdırmağa nail olan fars şovinizminə növbəti dəfə alət olmamalıyıq. Aldanmaq limitimiz bitib!”

Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur. 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun