Medianews.az
Paşinyan “Tramp yolu” haqda Putinə detallı məlumat verməyib?
1,048 baxış

Paşinyan “Tramp yolu” haqda Putinə detallı məlumat verməyib?

Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə baş nazir Nikol Paşinyana mesaj göndərib. “Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik” deyən rusiyalı diplomat layihənin detallarının sadəcə ABŞ-la müzakirəsinin doğru olmadığına işarə edib.

Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında deyib ki, Nikol Paşinyan 8 avqustda Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub: “Kopırkinin sözlərindən isə belə çıxır ki, Paşinyan bu görüşlərdə “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib. Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir. Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmir yollarını Rusiyaya satıb. Bu səbəbdən Kreml “Tramp yolu” ilə keçəcək dəmir yoluna iddialı kimi görüntü yaratmaq istəyir”.

E.Şahinoğlunun fikrincə, bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək: “Buna baxmayaraq, Nikol Paşinyan vaxtilə Köçəryanın Ermənistanın dəmir yollarını Rusiyanın nəzarətinə verməsi səhvini də düzətlməlidir. Rusiya dəmir yoluna nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun