Builki havanı ötənilki ilə müqayisə etmək şakəri demək olar hər birimizdə var. İndi yay fəslidir və bu yayı ötən ilin yayı ilə müqayisə edənlər az deyil.
Medianews.az xatırladır ki, Milli Hidrometeorologiya Xidməti hər ayın gəlişi ərəfəsində proqnozlarını açıqladığı kimi, ay başa çatandan sonra həmin ay havanın necə keçdiyi haqda məlumatları da təqdim edir.
Milli Hidrometeorologiya Xidməti 2026-cı ilin iyul ayı üzrə proqnozunu iyunun 29-da açıqlayıb. Həmin proqnozla bu link vasitəsilə tanış ola bilərsiniz.
Bəs 2025-ci ilin iyul ayı necə keçmişdi?
Medianews.az qeyd edir ki, 2025-ci ilin iyul ayı ərzində ölkədə müşahidə olunan hava ilə bağlı məlumat həmin il avqustun 5-də yayılmışdı.
Məlumatda deyilirdi ki, 2025-ci ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.3-5.3 dərəcə), 4 gün isə normadan aşağı (0.2-2.4 dərəcə) olub. Orta aylıq temperatur 28.0 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yüksək deməkdir.
Ötən ilin iyulunda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39.1 dərəcə isti, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında iyulun 10-da qeydə alınıb: 18.7 dərəcə isti (Binə). Yüksək dağlıq ərazilərdə isə minimal temperatur iyulun 2-nə düşüb: 4.8 dərəcə isti (Şahdağ).
2025-ci ilin iyulunda, əsasən ayın birinci ongünlüyündə əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumən bölgələrdə 26 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı Dağlıq Şirvan zonasına (Şamaxı 25.6 mm), Bakı və Abşeron yarımadasına (Bakı 9.6 mm) düşüb.
Ötən il iyulun bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 5 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 19 gün hava küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib.
Toğrul Əli,
Medianews.az