İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə potensialını ciddi təhdid kimi qiymətləndirib.
Medianews.az xəbər verir ki, o bunu ABŞ-nin “Fox News” telekanalına müsahibəsində deyib.
Netanyahu bildirib ki, vaxtında Şimali Koreyanın qarşısı alınmayıb. Hazırda bu ölkə ballistik raketlərə və nüvə başlıqlarına malikdir. Onun sözlərinə görə, Şimali Koreya “Amerikaya ölüm” demir, lakin İran 50 Şimali Koreyaya bərabərdir və ABŞ-ni məhv etmək niyyətini gizlətmir.
Baş nazir İranın ABŞ və Qərb üçün daha böyük təhlükə yaratdığını vurğulayaraq dünya liderlərini bu reallığı nəzərə almağa çağırıb.
Netanyahu ABŞ-nin prezidenti Donald Tramp barədə də danışıb. O qeyd edib ki, Tramp vəziyyəti anlayır və kənar təsirlərə baxmadan doğru hesab etdiyi qərarları verir.
Netanyahunun açıqlamaları İranla bağlı hərbi və diplomatik gərginliyin davam etdiyi bir dövrdə Vaşinqton–Tel-Əviv xəttində koordinasiyanın göstəricisi kimi qiymətləndirilir.
Medianews.az