Avqustun 27-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin 67,30 dollara satıldığı bəyan olunub. Bu, büdcə qiymətindən 2,70 dollar aşağı göstəricidir.
Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70 dollarla başlayıb.
İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Azərbaycan neftinin hazırda büdcə qiymətindən 2,70 dollar aşağı satılmasını müvəqqəti hal kimi qiymətləndirmək olarmı? Yoxsa qiymət daha da ucuzlaşa bilər? Neftin büdcə qiymətinə yenidən baxılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan neftinin qiyməti ayrılıqda müəyyənləşdirilmir: “Dünya bazarında “Brent” markalı neftin qiyməti hansı istiqamətə yönəlirsə, “AzəriLayt”ın qiyməti də o yöndə dəyişir. Hələlik ilin ilk yarısı üçün ortalama qiymət 70 dollardan yuxarıdır.
Bu gün Azərbaycan neftinin bir barrelinin qiyməti 70 dollara yaxındır. Əgər qiymət uzun müddət, tutalım, ilin sonuna qədər 70 dollardan aşağı qalarsa, bu, növbəti dövr üçün müəyyən çətinliklər yaradar. Amma ümumən 2025-ci il üçün ciddi bir çətinliyin olacağını düşünmürəm. Çünki qiymət hətta 65-70 dollar arasında dəyişsə də, kəskin enmə baş verməzsə, ilin sonuna orta qiymət haradasa 68-70 aralığında olacaq. Bu da ciddi bir problem yaradan deyil.
Əsas məsələ bizdə hasilatın azalmasıdır. Azərbaycanda hasilat artmır, ildən-ilə azalır. Bu, ciddi problemdir. İkinci məsələ isə ondan ibarətdir ki, 2026-cı ildə neft qiymətlərinin daha çox enəcəyi ehtimalları var. Özü də bu ehtimallar yüksəkdir.
2025-ci ilin ötən müddəti ərzində və hazırkı günlərdə neft qiymətlərinin orta hesabla 70 dollar civarında dövr etməsinin başlıca səbəbi iqtisadi faktorlar deyil. Bu, daha çox geosiyasi gərginliklər, Yaxın Şərqdəki müharibələr, İsrail-İran qarşıdurması, Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi kimi hadisələrlə bağlıdır. Bütün bunlar neft qiymətlərinə ciddi təsir edən amillərdir. Təsəvvür edin ki, bu amillər yavaş-yavaş gündəmdən çıxsa, silahlı münaqişədə olan tərəflər arasında müəyyən razılaşmalar əldə edilsə, gələn il neftin qiymətində risk marjı xeyli azalacaq. Yəni gələn il neftin qiyməti daha ucuz ola bilər. Ona görə çox güman ki, Azərbaycanda 2026-cı ilin dövlət büdcəsi müzakirə olunanda hökumət neftin qiymətini indikindən aşağı səviyyədə götürmək məcburiyyətində qalacaq. Mən düşünürəm ki, gələn ilin büdcə parametrlərində bir barrel neft 70 dollardan yox, 60 dollardan götürüləcək”.
Nailə Qasımova, 
Medianews.az