ABŞ və İsrailin İranla müharibəsi dünya birjalarında nefti bahalaşdırıb. Martın 2-də London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 5 dollardan, Nyu-York birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 4 dollardan çox artıb.
Neftin bahalaşmasının dünya iqtisadiyyatına və Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər? Müharibə davam etdikcə neftin qiyməti təxminən hansı həddə qədər qalxa bilər?

Məsələ ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Yaxın Şərqdə artan gərginlik və İran ətrafındakı hadisələr qiymətlərə təsir etməli idi, bu, gözlənilən idi: “Neft dünya bazarında artıq 80 dolları keçib. Bu, Azərbaycan üçün neft gəlirlərinin artması deməkdir. Lakin bahalaşmanın uzunmüddətli olacağını düşünmürəm. Hər şey müharibə və gərginliyin nə qədər davam etməsindən asılıdır. Əgər proses qısa müddətə yekunlaşarsa, yenidən qiymətlərin enməsi tendensiyası başlanacaq”.
İqtisadçı vurğulayıb ki, hazırkı qiymət artımının fundamental iqtisadi səbəbləri yoxdur: “Nə hasilatla bağlı problem var, nə də dünya bazarında neft qıtlığı müşahidə olunur. Əksinə, OPEK+ koalisiyası aprelin 1-dən xam neftin gündəlik hasilat normalarını 200 min bareldən çox artırmaq qərarı verib. Yəni məsələ hasilatla bağlı deyil. Əsas risk logistika, xüsusilə Hörmüz boğazı və müharibə gərginliyi ilə əlaqədardır. Gərginlik azalan kimi qiymətlər enəcək. Lakin münaqişə uzun müddət davam edərsə, neftin qiyməti 90 dollara qədər yüksələ bilər”.
Nailə Qasımova,
Medianews.az