Medianews.az
Hörmüz boğazı ilə gündə neçə milyon barel neft daşınır?
102 baxış

Hörmüz boğazı ilə gündə neçə milyon barel neft daşınır?

ABŞ və İsrailin İrana zərbələri fonunda diqqət mərkəzinə gələn məsələlərdən biri də Hörmüz boğazıdır.

Zərbələrdən sonra İran bu boğazı bağladığını elan edib, lakin az sonra boğazın açıldığı bəyan olunub.

Medianews.az bildirir ki, Hörmüz boğazı Omanla İran arasında yerləşir. Boğaz şimalda Fars körfəzini cənubda Oman körfəzi, daha sonra Ərəbistan dənizi ilə birləşdirir.

Boğaz ən dar nöqtəsində cəmi 33 kilometr enindədir. Gəmiçilik üçün ayrılmış hərəkət zolağı isə hər istiqamət üzrə təxminən 3 kilometr təşkil edir ki, bu da onu dünyanın ən həssas dəniz keçidlərindən birinə çevirir.

Beynəlxalq enerji bazarı üçün Hörmüz boğazının əhəmiyyəti olduqca böyükdür. Dünyada istehlak olunan neftin təxminən beşdə biri bu marşrutdan daşınır. Analitik şirkət “Vortexa”nın məlumatına görə, ötən il boğazdan gündə orta hesabla 20 milyon bareldən çox xam neft, kondensat və yanacaq məhsulları keçib.

OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neft ixracının əsas hissəsini məhz bu boğaz vasitəsilə, əsasən Asiya bazarlarına yönəldir.

Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər də mayeləşdirilmiş təbii qaz tədarükünün demək olar ki, hamısını bu keçid üzərindən həyata keçirir.

Tehran əvvəllər dəfələrlə bəyan edib ki, İrana hücum olacağı təqdirdə Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlaya bilər. Bu cür ssenari qlobal enerji bazarında ciddi təlatüm riski yaradır.

 Medianews.az 

Bizə qoşulun