Medianews.az
Musiqi seçəndə ehtiyatlı olmaq lazımdır -
112 baxış

Musiqi seçəndə ehtiyatlı olmaq lazımdır - Psixoloq

Musiqi insan psixologiyasına ən güclü təsir göstərən sənət növlərindən biridir.

Medianews.az xəbər verir ki, bu barədə türkiyəli psixoloq Elif Zahidə Gök "Yasemin" saytına danışıb.

Psixoloq bildirib ki, musiqi beyində dofamin, serotonin və endorfin kimi “xoşbəxtlik hormonları”nın ifrazını artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır. Elmi araşdırmalara görə, pozitiv və enerjili mahnılar insanı daha xoşbəxt edir.

Elif Zahidə vurğulayıb ki, musiqi həm də güclü təlqin alətidir. Melodiya, ritm və sözlər insanın daxili aləminə nüfuz edir, emosiyaları oyadır. Xüsusilə ritm bəzən sözlərdən daha təsirli olur. “Dinlədiyimiz musiqinin psixologiyamıza təsirini inkar etmək mümkün deyil. Musiqinin təlqin gücü var”, – deyə psixoloq bildirib.

Musiqinin müalicəvi məqsədlərlə istifadəsi qədim dövrlərə gedib çıxır. Tarixdə, o cümlədən türk-islam mədəniyyətində su səsi, təbiət səsləri və müxtəlif musiqi alətləri terapiya məqsədilə tətbiq olunub. Mütəxəssisin fikrincə, musiqi bu gün də psixoloji müalicənin bir hissəsi kimi istifadə edilə bilər.

Psixoloq qeyd edib ki, insan həyatına təsir edən hər bir amil – baxılan proqramlar, ünsiyyət qurulan insanlar və dinlənilən musiqi – düşüncə və davranışlara yön verir. Buna görə də musiqi seçimində mənfi məzmunlu mahnılarla ehtiyatlı olmaq vacibdir. “Eşitdiyimiz hər şey düşüncələrimizi, düşüncələrimiz isə davranışlarımızı formalaşdırır”, – deyə o əlavə edib.

Medianews.az

Bizə qoşulun