“Qumral “Dünya sənin, dünya mənim” şeirində sözü səhv oxuyub. “Cütlənmiş zərik” deməkdən “cütləşmiş zərik” deyib. Bu insan hələ cütlənməklə cütləşməyin mənasını bilmir. Zər cütlənir də, cütləşmir ki! İnsan, heyvan cütləşir. Bunlar ayrı-ayrı söhbətlərdir”.
Bunu Medianews.az-a açıqlamasında xalq şairi Məmməd Arazın qızı, Əməkdar jurnalist İradə Tuncay deyib.

O daha sonra əlavə edərək bildirib ki, xalq artisti Niyaməddin Musayev mahnını yutubdan sildirib və buna haqqı da çatır: “Söhbət mahnının davasıdır yoxsa şeirin? Yutubdakı mahnıdan söhbət gedirsə Niyaməddin müəllim bunu qadağan edib, sildirə bilər. Necə ki, yutubdan sildirib də! Söhbət mahnıdan yox, şeirdən gedirsə.. Müğənni tayfasının əksəriyyəti savadsızdır. Nə deyirsinizsə deyin. Bir dəfə rəhmətlik Arif Qazıyev atamın 80 illik yubileyini qeyd edirdi. Mən orada müğənnilərə başa sala bilmirdim ki, həvə nədir, dəvə nədir, cütlənmək nədir, cütləşmək nədir?! Çox çətinliklə onlara başa sala bildim ki, bu nədir? İndi mən sizə bir məsələni danışım, yadınızda qalsın. Orta əsrlərdə klassik şeir, qəzəl sahibi küçədən keçəndə görür ki, bir kişi kərpic kəsə-kəsə onun şeirlərini, qəzəllərini deyir. Amma səhv deyir. O qulaq asır, qulaq asır. Sonra ayaqqabıları ilə onun kərpiclərini əzir. Kərpickəsən kişi deyir ki, “neynirsən, bu axı mənim zəhmətimdir?”. Kişi də deyir ki, “sən də şeirləri, qəzəlləri səhv deməklə mənim zəhmətimi puç edirsən də”. İndi mən də sizə deyim ki, bu Məmməd Arazın böyük əhatə qazanmış şeiridir. Bəli, o şeiri səhv oxuyub”.

İradə Tuncay deyir ki, hələ ki, bu qalmaqalları kənardan müşahidə edir:
“Mən heç bir etiraz etməmişəm. Deyirəm hələ onlar özləri bir-birlərini qırsın, sonra müdaxilə edərəm. Vallah ciddi deyirəm. Bir-birlərini qırsınlar. Toy üstündə davadır da. Toy davasına qarışmıram! Mən sözlərin varisi kimi onun oxumağını qadağan etsəydim onda gərək onların gəlirini hesablayardım görüm bunlar nə qazanırlar, ordan mənə pay düşməlidirmi?! Bunları gərək mən edərdim də! Mahnını populyar edən onun fəlsəfi, mənalı sözləridir. Ona görə bu qədər maraq doğurdu! Ona görə bunu çox oxuyan oldu! Bütün dünyada maraqlandılar! Məmməd Arazın bütün külliyatı klassikadır! Məmməd Arazın çox şeirlərinə mahnı oxuyublar. Düz oxunan da olub, səhv oxunan da. Amma söhbət bu şeirdən gedirsə müğənni səhv oxuyub”.
Əli Əsgər,
Medianews.az