Medianews.az
Moldovada mandatlar necə bölündü?
723 baxış

Moldovada mandatlar necə bölündü?

Moldovada sentyabrın 28-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Rəsmi məlumata görə, prezident Mayya Sanduya bağlı hakim Hərəkət və Həmrəylik Partiyası 101 yerlik parlamentə 55, əsas müxalif qüvvə - Rusiyapərəst dörd partiyanı birləşdirən Vətənpərvər bloku 26 mandat alır.

Alternativ blokunun 8, Bizim Partiyanın və Evdə Demokratiya Partiyasının hər birinin 6 mandat götürdüyü bildirilir.

Medianews.az qeyd edir ki, ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Proporsional üsulla formalaşan parlamentdə təmsilçilik üçün partiyalar etibarlı səslərin azı 5, bloklar 7 faizini toplamalıdır.

Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.

Türkdilli qaqauzların sıx yaşadığı əraziyə 1994-cü ildə muxtariyyət statusu verilib. Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) hakim dairələri Rusiyaya yaxın sayılır.

Müxalif qüvvələrin bir qismi də Rusiyaya bağlıdır.

Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir.

Qərbə yaxınlığı ilə tanınan Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun