Bu günlərdə sosial şəbəkədə “Baku TV”-nin hazırladığı verilişdən bir fraqment paylaşılıb və böyük marağa səbəb olub. Dəbdə olan ifadə ilə desək, paylaşım çox “layk” toplaylb.
Müsahib bir asiyalı əcnəbidir, ana dilimizdə eynilə bizim kimi danışır, üzü görünməsə, kimsə bilməz ki, o, koreyalıdır, yoxsa Bakıda, Gəncədə doğulub-böyümüş biridir.
Paylaşımın şərh bölümündə yazılan qeydlərə görə, o gənc adamın adı Mark Kimdir, ata-anası Cənubi Koreyadandır. Ailə 2005-ci ildə Moskvaya, sonra ölkəmizə köçüb və Mark Bakıda həm ana dilimizi, həm də adət-ənənələrimizi öyrənib.
Onun söhbəti isə daha maraqlıdır. Mark danışır ki, 2020-ci ildən əvvəl tay-tuşlarına qoşulub, stadiona, “Qarabağ”ın Avroliqa oyununa baxmağa gedib. Stadionda böyük coşqu olub, bütün azarkeşlər qışqırırmışlar: “Qa-ra-bağ! Qarabağ bizimdir, bizim olacaq!” Mark da ümumi emosional ovqata qapılıb, o da “Qarabağ bizimdir, bizim olacaq!” deyə qışqıranda yanında dayanmış azərbaycanlı kişi bir ona, bir də səsləndirdiyi şüara diqqət edib və soruşub: “Kimindir, ala, Qarabağ? Kitayın?”
Əlbəttə, kişini də qınamalı deyil. Kimə qəribə gəlməz ki. Bakının ortasında bir asiyalı “Qarabağ bizim olacaq” deyə qışqırır. Heç onun çinlilərlə koreyalıları fərqləndirə bilməməsi də təəccüblü deyil. Avropada, Amerikada və Afrikada erməniləri, gürcüləri və azərbaycanlıları da bir-birindən fərqləndirə bilmirlər, çünki hər üçü eyni coğrafiyadan, Qafqazdandır.
Mark Kimin ana dilimizi bu cür mükəmməl öyrənməsi və aksentsiz danışması isə həm heyrətamizdir, həm də qürurvericidir.
Bu paylaşıma şərh yazan sosial şəbəkə istifadəçilərinin bir çoxu bu detala vurğu salaraq qeyd edirlər ki, 3-4 nəsildir ölkəmizdə yaşayan slavyanlar və özünü Bakı elitasından sayan azərbaycanlılar ana dilimizi ya bilmirlər, ya da ləhcə ilə və hıqqana-hıqqana danışırlar. Bu xüsusda olduqca çox nümunələr, hər kəsin tanıdığı vəzifə, sənət adamları var.
Necə olur ki, Koreyada doğulan, başqa ölkədə böyüyən, sonradan ölkəmizə gələn şəxs yerli mühitə bu qədər yaxşı uyğunlaşa bilir, amma 100 ildir bu ölkədə yaşayan insanlar hələ də özlərini yerli xalqa yad biri kimi aparırlar?
Yadelli təkəbbürü və milli manqurtluq söhbətinə girmədən qeyd edək ki, bu, məcburiyyət məsələsidir. Mark Kim bu ölkədə azsaylı koreyalılardan biri olaraq, küçədə, qonşuluqda, məktəbdə, getdiyi hər yerdə azərbaycanlılarla ünsiyyətdə olduğu üçün dilimizi öyrənməyə məcbur idi. Görünür, onun iti zəkası və dil öyrənmək üçün xüsusi istedadı da var.
Ancaq 3-4 nəsildir ölkəmizdə yaşayan, işləyən slavyan mənşəli şəxslər ona görə özlərini dilimizi öyrənməyə məcbur hiss etmirlər ki, burada onlar çoxdurlar və “öz dünyaları”, öz mühitləri var. Onlar orada həmişə rus dilində danışıblar və bizimkilər də onların yanında heç vaxt ana dilində danışmayıblar. Hətta bir məclisdə 7 azərbaycanlı, 1 rus varsa, hamı çalışıb ki, onun dilində danışsın.
Dövlət dilimizin uzun müddət rusca olmasının da bu məsələdə xüsusi rolu var. Azərbaycan müstəqillik qazanana qədər Bakı Rusiyanın şəhərlərindən (Rostov, Voronej, Vladimir) seçilmirdi, insanlar kütləvi şəkildə rusca danışırdı – vağzaldan tutmuş dövlət idarələrinə, xəstəxanaların qəbul şöbələrinə qədər. Elə indinin özündə də şəhərin mərkəzində xeyli sayda yerli adamın, xüsusilə də məktəb yaşlı uşaqların rusca danışdığını eşitmək olar. (İngiliscə danışanların ortamı da yavaş-yavaş əmələ gəlir).
Bunu aşağılıq kompleksi ilə bağlayanlar var və onlar xeyli dərəcədə haqlıdırlar. Bir çox adamlar əcnəbi dildə danışmağı aborigen xalqların içində fərqlilik və üstünlük əlaməti hesab edirlər. Uzun müddət müstəmləkə olmuş xalqlarda belə bir psixoloji arxetip əmələ gəlir. Hazırda Afrikanın bir çox ölkələrində hələ də fransızca danışmaq adəti var. Onlar 60 ildir k, Fransadan müstəqillik qazanıblar, amma bir çoxunun dövlət dili hələ də fransızcadır.
İngiliscənin də yayğın olduğu keçmiş müstəmləkələr var.
Eyni durumu vaxtilə SSRİ-nin tərkibinə daxil olmuş və artıq 33 ildir müstəqil dövlət olan respublikalarda da müşahidə etmək mümkündür. Sadəcə, hələ sovet dövründə rus dili-yerli dil məsələsində millətçilik xətti yeridənlər (ermənilər, gürcülər) vardı və bizdə də bəzi yaradıcı ziyalılar hərdən bu məsələyə toxunurdular. Orta Asiya respublikalarında isə hələ indi-indi fərqinə varırlar ki, rus dilinin əhatə dairəsindədirlər və ana dillərini inkişaf etdirmək lazımdır.
Dil milli kimlik məsələsidir. Əgər bir dildə on minlərlə kitab yazılıbsa, yüz il boyunca milyonlarla nüsxədə qəzetlər nəşr olunubsa, yüzlərlə film çəkilibsə, hər cür lüğətlər varsa, geniş arealda yayılıbsa, demək, o dil yaşamaq, inkişaf etmək haqqı qazanıb. Bizə düşən vəzifə odur ki, əcnəbi dilləri mükəmməl öyrənək, ana dilimizdə isə ən azı Mark Kim kimi danışa bilək.
Xalid KAZIMLI