"Mançester Yunayted" yarımmüdafiəçi Kobbi Maynu ilə müqavilənin müddətini uzadıb.
Medianews.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 21 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin iyununa qədər nəzərdə tutulub. "Mançester Yunayted"in yetirməsi olan Maynu cari mövsümdə bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ümumilikdə "Mançester Yunayted"in əsas heyətində 98 oyun keçirən yarımmüdafiəçi 7 qol vurub, 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.
İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün turnir cədvəlində 34 turdan sonra 61 xal toplayan "Mançester Yunayted" üçüncü pillədə qərarlaşıb. Komanda mayın 3-də doğma meydanda "Liverpul"u qəbul edəcək.//Operativ Media