Medianews.az
Maduronun varisi:
269 baxış

Maduronun varisi: Delsi Rodriges kimdir?

Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra indiyədək vitse-prezident olan Delsi Rodriges hakimiyyət başına keçib. Venesuelanın Ali Məhkəməsi onu müvəqqəti prezident təyin edib.

56 yaşlı siyasətçi haqqında bəzi faktları təqdim edirik.

Delsi Rodriges 18 may 1969-cu ildə Karakasda anadan olub. O, 1970-ci illərdə inqilabi “Liga Socialista” partiyasını quran solçu partizan döyüşçü Xorxe Antonio Rodrigesın qızıdır.

Delsi Rodriges hüquqşünasdır və prinsipial sosialist, eləcə də Maduronun sadiq tərəfdarı kimi tanınır.

İqtisadi siyasətin əsas fiquru

Rodriges Maduronun dövründə təkcə vitse-prezident deyil, həm də maliyyə və neft naziri olub. O, Venesuelanın iqtisadi siyasətində əsas fiqur sayılır və ölkənin zəiflədilmiş özəl sektoruna böyük təsir göstərir.

2013–2014-cü illərdə Rodriges rabitə və informasiya naziri, 2017-ci ilə qədər isə xarici işlər naziri olub. Bu dövrdə o, ABŞ-a qarşı sərt xəttin formalaşmasında mühüm rol oynayıb. Venesuela ticarət bloku “Mercosur”dan çıxarıldıqdan sonra Rodriges Buenos-Ayresdə keçirilən bir zirvə toplantısına zorla daxil olmağa cəhd göstərmişdi.

Həbslə bağlı sərt reaksiya

2017-ci ildə Rodriges Maduronun səlahiyyətlərini genişləndirən, hökumətyönlü Konstitusiya Assambleyasına rəhbərlik edib.

Maduronun saxlanılmasından sonra Rodriges döyüşkən mövqe nümayiş etdirərək ABŞ-ın Venesuelaya nəzarət iddialarını rədd edib. O, dövlət televiziyasında bildirib ki, Venesuela heç vaxt başqa bir dövlətin koloniyası olmayacaq.

Qeyd edək ki, Tramp hakimiyyəti Venesuelada hakimiyyəti vaxtilə seçkilərdə de-fakto qələbə çalmış Nobel mükafatı laureatı Mariya Korina Maçadoya vermək istəmir. "Onun ölkədə heç bir nüfuzu yoxdur!" -deyə Tramp bildirib.

Sarvan Səmədoğlu

 

Bizə qoşulun