Macarıstanda aprelin 12-də keçirilmiş parlament seçkisinin rəsmi nəticələri açıqlanıb. Medianews.az bildirir ki, yekun hesabata görə, Peter Macarın liderlik etdiyi Hörmət və Azadlıq Partiyası 199 nəfərlik Dövlət Məclisinə 141 mandat alıb və hökumət qurmaq hüququ əldə edib.
Hakim Macar Vətəndaş İttifaqının koalisiya ortağı Xristian Demokrat Xalq Partiyası ilə birgə 52 mandatla kifayətlənib. Qurumun lideri Viktor Orban 1998-2002-ci illərdə baş nazir olub, 2010-cu ildən eyni postu tutur.
Bizim Vətən Partiyası parlamentə 6 mandatla düşüb.
Qanunverici orqanın 106 üzvü majoritar sistemlə (dairələr üzrə), 93 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) formalaşır.
1981-ci il təvəllüdlü Peter Macar 2002-2024-cü illərdə Macar Vətəndaş İttifaqının üzvü olub. Viktor Orbanla yolları ayrılandan sonra Peter Macar Hörmət və Azadlıq Partiyasına qoşularaq 2024-cü il iyulun 22-də qurumun lideri seçilib.