"Liverpul" yay transfer pəncərəsində 5-6 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisində kütləvi ayrılıq hücumçu Məhəmməd Salahdan başlaya bilər. Futbolçunun klubdakı mövqeyindən narazı olduğu qeyd olunur.
Salahdan başqa, "Liverpul" müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Şotland futbolçunun müqaviləsi qarşıdakı yay başa çatır.
Müdafiəçi İbrahima Konatenin də gələcəyi qeyri-müəyyəndir. Klub futbolçuya yeni sözləşmə ilə bağlı qərar verməsi üçün aprelin əvvəlinə qədər vaxt verib.
"Liverpul" həmçinin baş məşqçi Arne Slotun iki mövsümdür əsas heyətdə görmək istəmədiyi vinger Federiko Kyeza ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.
Klub yarımmüdafiəçi Körtis Consun da transferini nəzərdən keçirir. Baxmayaraq ki, Slot ona güvənir. Yüksək transfer qiyməti səbəbindən ingilis futbolçunun satılması istisna edilmir.
Müdafiəçi Co Qomezin gələcəyi isə əsasən Konatenin komandadakı vəziyyətindən asılıdır. Futbolçu aldığı oyun vaxtından narazıdır./publika.az