Niderlandın kral ailəsi eyni gündə həm Niderland, həm də Kürasao milli futbol komandasının dünya futbol çempionatındakı oyunlarını stadiondan izləyərək diqqət mərkəzinə düşüb.
Kral Villem-Aleksandr və Kraliça Maksima günə ABŞ-nin Hyuston şəhərində Niderland milli komandasının İsveç üzərində qələbəsini izləməklə başlayıblar.
Daha sonra isə sürətli uçuşla Kanzas-Sitiyə gedərək Kürasao–Ekvador matçında tribunada yer alıblar.
Kürasao kiçik ada dövləti olmaqla yanaşı, Niderland Krallığının tərkib hissəsidir. Bu səbəbdən kral ailəsi hər iki komandanı dəstəkləyib və fərqli oyunlar üçün narıncı Niderland şərflərini mavi Kürasao atributları ilə dəyişib.
Kürasao tərəfdə isə futbolçular kral ailəsinin stadionda olmasının motivasiya yaratdığını bildiriblər.
Niderland kralı və kraliça DÇ-də oyundan sonra komandanın soyunma otağına baş çəkiblər. Kral komanda üzvləri ilə rəqs edərək, sevincini ifadə edib. Kral ailəsinin bu addımı turnirdə diqqət çəkən anlardan birinə çevrilib. Kürasao futbolçuları tarixi nəticəni qeyd edərkən, Niderland kralı və kraliçası onları şəxsən təbrik edib.
Qeyd edək ki, Kürasao bu nəticə ilə DÇ-də ilk xalını qazanaraq tarix yazıb və turnirin ən kiçik iştirakçılarından biri kimi diqqət mərkəzinə düşüb./“Qafqazinfo”