Mac istifadəçiləri “Google Chrome” brauzerinin xəbərdarlıq etmədən cihazlara təxminən 4GB həcmində süni intellekt faylı yüklədiyini aşkar ediblər.
“MacRumors”un məlumatına görə, söhbət “Chrome”un “Gemini Nano” süni intellekt modeli üçün istifadə etdiyi “weights.bin” faylından gedir.
Bu model saxta saytların aşkarlanması, avtomatik doldurma və “Help Me Write” kimi funksiyaları təmin edir.
Məsələ təhlükəsizlik tədqiqatçısı Aleksandr Hanffın araşdırmasından sonra üzə çıxıb. Bildirilir ki, “Chrome” minimum texniki tələblərə cavab verən Mac cihazlarına bu faylı avtomatik yükləyir.
Fayl “OptGuideOnDeviceModel” qovluğunda saxlanılır. Onu silmək problemi tam həll etmir, çünki brauzer yenidən açıldıqda fayl təkrar yüklənə bilər.
Xüsusilə yaddaşı az olan Mac istifadəçiləri üçün bu gizli yükləmə problem yarada bilər.
Problemin qarşısını almaq üçün istifadəçilərə “Chrome” ayarlarında “On-Device AI” funksiyasını söndürmək, lazım gələrsə isə “chrome://flags” bölməsindən eksperimental süni intellekt funksiyalarını deaktiv etmək tövsiyə olunur./publika.az