Medianews.az
İttiham bəlli oldu:
165 baxış

İttiham bəlli oldu: Əli Kərimliyə hansı cəza düşə bilər?

Noyabrın 29-dan Dövlət Təhlükəsizlik Xidmətində saxlanan AXCP sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

İttiham sübuta yetirilsə, bu maddə ilə Əli Kərimliyə hansı cəza düşə bilər?

Medianews.az bildirir ki, 278-ci maddə “Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə” adlanır. Bu maddənin birinci bəndi, yəni 278.1-ci maddə konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır.

Cinayət Məcəlləsinə əsasən, 278.1-ci maddədə göstərilən hərəkətlər 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası 18-65 yaş arasında kişilərə verilə bilər. Əli Kərimlinin 60 yaşı var.

Cinayət Məcəlləsindən çıxarış:

Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə

278.1. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər -

on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

278.2. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi -

on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Medianews.az 

Bizə qoşulun