Ermənistan Konstitusiya Məhkəməsi siyasi partiyaların seçki nəticələrinin etibarsız hesab edilməsi üçün qaldırdığı iddianı rədd edib. Qərarı Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan oxuyub. Qərara əsasən, Mərkəzi Seçki Komissiyasının 259-A saylı qərarı qüvvədə qalacaq. Qərar qətidir və apelyasiya şikayəti verilə bilməz.
Beləliklə, Konstitusiya Məhkəməsinin yeddi siyasi qüvvənin şikayəti gözlənildiyi kimi, təmin edilmədi. “Güclü Ermənistan” və “Ermənistan” blokları, “Çiçəklənən Ermənistan”, “Birlik Qanadları”, “Demokratiya, Hüquq, İntizam”, “Respublika Uğrunda Demokratiya Müdafiəçiləri Birliyi” və “Yeni Qüvvə” partiyalarının bütün cəhdləri iflasa uğradı.
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası maksimum nəticələrin hüquqi müstəvidə qorunub-saxlanmasını təmin etməklə yanaşı, rəqiblərinə növbəti noqdaun yaşatdı. Yeddi hakimdən ibarət heyət tərəfindən aparılan məhkəmə prosesinin hansısa qüvvənin iddiasını təmin edəcəyi əslində gözlənilmirdi, çünki Nikol Paşinyan hələ xeyli əvvəl xəbərdarlıq etmişdi: “Onları məhv edəcəyəm!” Xüsusilə də “üçbaşlı müharibə partiyası” ilə bağlı Paşinyanın birmənalı mövqeyi Konstitusiya Məhkəməsinin qərarına həlledici təsir edirdi.
Düzdür, revanşistlərin fərqli arqumentləri var. Məsələn, “Çiçəklənən Ermənistan” partiyasının vəkili və nümayəndəsi Aram Orbelyan məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi səsvermə saxtakarlığında iştirak edib və ya ən azından bunun qarşısını ala bilməyib. Beləliklə, 4 iyulda Ermənistan Konstitusiya Məhkəməsi Milli Məclis seçkilərinin nəticələrini etibarsız hesab etməkdən imtina edərək müxalifət partiyalarının apellyasiya şikayətlərini rədd edib. Orbelyanın sözlərinə görə, məhkəmə prosesində qanun pozuntularına, məhkəmənin nəzərə almalı olduğu dair dəlillər təqdim edilib, amma məhəl qoyulmayıb. Onun fikrincə, fərqli qərar olsaydı, məhkəmə sisteminə inamı artıra bilərdi. Təqdim olunan arqumentlərin məhkəməni niyə inandıra bilmədiyi soruşulduqda, Orbelyan əks fikirdə olduğunu bildirib. “Əminəm ki, onlar inandırıcı idilər. Zamanla Məhkəmənin qərarlarına hansı digər halların təsir etdiyi məlum olacaq”, - deyə o bildirib. Orbelyan həmçinin Konstitusiya Məhkəməsinin ən azı “Çiçəklənən Ermənistan” partiyasının parlamentə daxil olmasını təmin edəcək bir qərar verməli olduğu fikrini ifadə edib.
Məlum olduğu kimi, milyarder Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistanın baryeri aşması üçün cüzi sayda səsə ehtiyacı var idi. Amma Paşinyan onu nəinki parlamentə buraxmadı, heç ölkədən kənara getməsinə də imkan vermədi. Eyni zamanda Robert Köçəryanın ölkədən qısamüddətli xaricə səfər etməsi qadağan edildi. Beləliklə, “üçbaşlı əjdaha”nın hər üç nümayəndəsi, o cümlədən milyarder Samvel Karapetyan ev, yaxud ölkə dustağıdır. Üstəlik, Paşinyan onların yaxasından əl çəkmək niyyətində olmadığını bu günlərdə yenə də söyləyib. Bizim üçün xüsusilə də Xocalı canisi Robert Köçəryanın sonrakı taleyi maraqlıdır. Onun törətdiyi cinayətlərə görə Azərbaycan məhkəməsinə cavab verməsi lazımdır.
Müxaliflər Mərkəzi Seçki Komissiyasının seçki pozuntularından xəbərdar olduğunu, lakin şikayətlərə məhəl qoymadığını deyirlər. Məsələn, seçki günü saat 20:00-dan sonra belə, hərbi qulluqçular səsverməsini dayandırmayıb və sair...
Bütün bunlar bizə nə deyir? Qısası, əgər Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Konstitusiya Məhkəməsini alətə çevirməyi bacardısa, bu qurumun istənilən sifarişli qərarı çıxarmasına nail oldusa, deməli, Ermənistan Konstitusiyasının normal hala gətirilməsinə də qısa yolla nail ola bilər. Yəni Ermənistan Konstitusiya Məhkəməsi niyə ölkə konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaların çıxarılmasını təmin etməsin? Azərbaycan dövlətinin sülh üçün əsas tələbi məhz Ermənistan Konstitusiyasından və normativ hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Ölkə başçısı bildirib ki, əks təqdirdə imzalanan sülhün heç bir dəyəri olmayacaq. Bu barədə xəbərdarlıq hələ iki il əvvəl edilib. Üstündən illər keçsə də, Ermənistan rəhbərliyi bu istiqamətdə addım atmır. Nikol Paşinyan konstitusiya islahatlarına 2027-ci ildə gediləcəyini deyib. Amma əgər 2025-ci ilin 8 avqustunda paraflanmış sülhün imzalanmasına hazırdırsa, onda niyə Ermənistan Konstitusiyasının dəyişdirilməsini tezləşdirmir? 7 iyun seçkilərində ciddi müqavimətlə üzləşən, üstəlik, “5-ci kolon”un xaricdəki himayədarların təzyiqləri fonunda hərəkətə keçməsi nəticəsində parlamentdə təkbaşına qərar vermək səlahiyyətini itirən Nikol Paşinyanın 2027-ci ildə konstitusiya ilə bağlı zəruri tapşırıqları icra edə biləcəyi şübhəlidir. Əvvəla, revanşistlərin və Ermənistandan alət kimi istifadə edən paytaxtların müdaxiləsi referendum yolu ilə konstitusiyanın normal hala gətirilməsini mümkünsüz edir. Vaxtilə Azərbaycan ərazilərinə erməniləri köçürənlər, burada Emənistan adlı hələ də kadastr sənədi olmayan ölkə yaradanlar bu gün Paşinyan istəsə belə, onun təkbaşına qonşularla sülh və təhlükəsizlik şəraitdə yaşamaq, ərazi iddialarından, həmçinin saxta “soyqırım” iddialarından əl çəkməsinə isti yanaşmırlar. Deyirlər “forpostsan, otur otruduğun yerdə, lazım olsa, qərarı biz verərik!” Digər tərəfdən, hətta referendumla Ermənistan əhalisi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılmasına səs versə belə - hərçənd 7 iyun seçkiləri ölkədə revanşistlərin sayının ölkə əhalisinin azı yarısını təşkil etdiyi ortaya çıxartdı – Paşinyan bunu parlamentdən keçirə bilməyəcək, təkbaşına qərar vermək imkanında olmadığı üçün. Deməli, təkl çıxış yolu qalır: Nikol Paşinyan seçkilərin taleyini öz xeyrinə məhz Konstitusiya Məhkəməsinin əli ilə təmin etdiyi kimi, vaxtı uzatmadan ölkə konstitusiyasına dəyişiklikləri də bu quruma həvalı etməlidir! Cəmi bir neçə günlük, hətta saatlıq müzakirələr Azərbaycanın İrəvana əsas ev tapşırığının icrası ilə bitə bilər. Bundan sonra Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, ardınca Türkiyə-Ermənistan sərhədlərinin açılması, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən tikintisinin tezləşdirilməsi, eyni zamanda Rusiya sanksiyalarından xilas üçün Ermənistanın böyük bazar imkanları əldə etməsi, Avropaya üz tutmasına əsas maneələr aradan qalxacaq. Əgər Paşinyan gerçəkdən sülh sazişini imzalaması istəyirsə, nəinki 2027-ci il, hətta sabah da gec ola bilər, elə bu gecə qərarını verməlidir! Ev tapşırığının icrası üçün ən asan həll yolu: Konstitusiya Məhkəməsinə bircə işarə bəs edər...
Elşad PAŞASOY