Heç unutmuram, 2000-ci illərdə hüquq-mühafizə orqanlarımızdan birinin baş ofisinə jurnalistika fəaliyyətimlə bağlı gedəsi olmuşdum, orada dəhlizdən keçərkən gülməyim tutmuşdu. 12 və 14 saylı kabinetlər arasında 13 saylı kabinet, sadəcə, yox idi! Təsəvvür edin. 13 ədədinin uğursuzluq gətirdiyinə inanan adamlar bizim taleyimizi həll edirdilər.
Ərəbcədən götürərək biz buna “mövhumat” deyirik, türkiyəli qardaşlarımız “batil inanc”. Belə inanclar çoxdur. Qara pişik qarşından keçərsə, güzgünü qırsan, tək səbir gəlsə uğursuzluq olacaq, gecə dırnaq tutulmaz, nə bilim, xəstə uşağı qırmızı yorğanla örtsən sağalacaq, qaynar suyu “Bismillah” deməyib (Kərbəlayi Ronaldo kimi) həyətə atsan, mələklərin qanadını yandırırsan və sairə.
Əslində, bunlara dərindən fikir verməsən, ciddi qəbul etməsən bir az da həyatı əyləncəli edir, təxminən qoroskop-zad kimi. Nağıllar, fantastik ədəbiyyat-filan tipində. Hər halda, heç kim Cırtdan və Divi real qəbul etmir ki. Ancaq uşağa danışırıq, xoş olur.
Bəzi batil inancların, həmçinin, müəyyən dərəcədə xeyrinin olmağı da mümkündür. Məsələn, elə o “gecə dırnaq tutmaq ömrü azaldır” inancını götürək. Böyük ehtimal bunu yarıqaranlıq, çıraq, şam işığı olan dövrlər uydurublar ki, adamlar əl-ayağını kəsməsin, zədələməsin. O halda həqiqətən insanı qan aparar, ömrü qısala bilər.
Bu uzun giriş “Texnologiya” fənnindən sertifikasiya imtahanı verən müəllimlərimizin bir neçə sualdan narazılığı mövzusu üçündür. Məsələn, onlar deyir ki, sualın birində taxtanı mişarla çarpaz və dairəvi təmizləmə üsulundan bəhs olunub, bu isə yanlışdır, orada “yeyələmə” (bəlkə rəndələmə - hər halda mən o aləti belə bilirəm – Z.H.) olmalıymış.
Doğrudan da, əmək təlimi, texnologiya kimi fənlər həm sovetin vaxtında, həm indi barmaqarası yanaşılan dərslər sırasındadır. Adətən bunları əlindən iş gəlməyən adamlar tədris edir. Halbuki, həyat sonradan bizim çoxumuza dülgərlikdən santexnikliyə, rəngsazlıqdan bənnalığa qədər min cür peşəni zor-xoş öyrədir. Bəlkə buna görə məktəbdə “yola verirlər”? Ki, onsuz əvvəl-axır özünüz məcbur qalıb öyrənərsiniz.
“Yada düşər xatirələr” silsiləsindən birini də yazım, biz uşaq olanda “Nəğmə” dərsində əmək təlimini daha çox öyrənirdik, “Mişar” mahnısının hesabına: “Ay mişar, tələs, mişar, Taxtanı tez kəs, mişar”. Yaxud belə mahnı var idi, çimməyi öyrədirdi: “Qışda, şaxtada, buzda, Günəş çimir hovuzda”.
Ancaq indi müəllimlər “mişar, ya yeyə” sualı önündə aciz və yeyəsiz (oxu: yiyəsiz) qalıblarsa, uşaqlara nə keçəcəklər? Üstəlik, çağdaş kompüter, internet inqilabları dövründə uşaqlara bəlkə elektriki, optikanı-filanı öyrətmək daha məqsədəuyğundur? Deyərsiniz onda fizika dərsi nəyə lazımdır?
Uzun sözün qısası, bu suallar məndə “Görəsən ümumiyyətlə, bu texnologiya orta məktəbdə nəyin əsasında tədris olunur, kitab nədir, necədir” suallarını da doğurdu, elektron dərslik portalını dürtmələdim və ordan qarşıma sırf təsadüfən 7-ci sinfin “Texnologiya” dərsliyi çıxdı. Lap 1-ci mövzunu oxumağa başladım və məni səfeh bir gülmək tutdu. Buyurun, siz də oxuyun, zövq alın:
“Hər bir şagird ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını bilməlidir. Bu qaydalara riayət etmək hamının borcudur. Bəs bu hansı qaydalardır?
Küçədə davranış və ünsiyyət qaydaları:
• Səkinin sağı ilə getməyə çalışın. Başqalarına mane olmamaq üçün çantanızı sağ əlinizdə aparın.
• Dar səkidə özünüzdən böyüklərə yol verin.
• Küçədə gedərkən oğlan qızdan solda olmalıdır. Yol gedənlərdən biri oğlan, ikisi qız olarsa, oğlan ortada, əgər ikisi oğlan, biri qız olarsa, qız ortada getməlidir. Digərlərinin sərbəst hərəkətinə mane olmamaq üçün dörd və daha çox piyada cərgə ilə getməməlidir. Belə halda iki və ya üç nəfərdən ibarət qruplara bölünmək məsləhətdir”.
Sizcə mən bu “dərslik” adlı idiotizmin ardını oxumalıydımmı? Oxusam, gülməkdən ölməzdimmi?
Bizim şəhərlərdə səki yoxdur, bu deyir səkinin sağı ilə get... Qarşıma durba, ağac, dükanın və ya barın pilləkəni çıxsa nə edim?
Dar səkidə özündən böyüyə yol verən uşaq avtomobil yoluna çıxmalıdır, eləmi?
Amma, əlbəttə, ən gözəli oğlanın qızdan solda olmağı inancı idi. Hələ 2 oğlanın 1 qızı ortalarına almağı... Görəsən dərsliyi yazan yoldaşlar bunun milli mentalitetimizə zidd olduğunu anlamır?
Ümumiyyətlə, abırlı qızın küçədə nə iti azıb?
İndi söz əlaqədar texnoloqlarındır.
Zamin HACI