İran Prezidenti Məsud Pezeşkian "Mehr" agentliyinə verdiyi açıqlamada ölkəsi ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış "İslamabad memorandumu"nu yüksək qiymətləndirərək, bu sənədin tamamilə İranın milli maraqlarına uyğun olduğunu bəyan edib.
Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, Pezeşkian iki ölkə arasında əldə olunmuş razılaşmanın regional və iqtisadi dividend bəxş edəcəyini vurğulayaraq bildirib: "İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların müsbət nəticələri tezliklə hər kəsə bəlli olacaq".
Dövlət başçısı sazişin ilkin iqtisadi səmərəsi kimi Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitinin rəsmi Tehrana geri qaytarılacağını xüsusi qeyd edib. O, bu diplomatik yaxınlaşmadan ən çox narahat olan tərəfin İsrail olduğunu diqqətə çatdıraraq, "Bu danışıqlardan və sülh prosesindən narazı qalan birinci tərəf məhz Netanyahudur", – deyə əlavə edib.
Nüvə proqramı ətrafındakı müzakirələrə də toxunan Pezeşkian Vaşinqtonun bu məsələdəki mövqeyini sadələşdirdiyini iddia edib: "Birləşmiş Ştatların yeganə bir qorxusu var idi – o da bizim nüvə bombası əldə etməyimiz. Lakin rəhmətlik Ali Liderimiz (Arayatullah Əli Xamenei) dəfələrlə rəsmən bəyan etmişdi ki, İranın nüvə bombasına ehtiyacı yoxdur və biz bunu istehsal etmək niyyətində deyilik. Amerikalılar bizə sadəcə 'Bunu kağız üzərinə köçürün və imzalayın' dedilər, biz də müvafiq sənədə imza atdıq".
Prezident bu addımla ölkəsinə qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvinə və iqtisadi blokadanın yarılmasına yol açıldığını vurğulayıb.