Medianews.az
İran üçün kritik iki gün - Nəbz yoxlaması başlandı -
435 baxış

İran üçün kritik iki gün - Nəbz yoxlaması başlandı - AÇIQLAMA

“İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır”. Politoloq Elxan Şahinoğlu bu fikirdədir.

Medianews.az-a açıqlamasında E.Şahinoğlu deyib ki, Rza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb: “Pəhləvini həvəsləndirən İranda son etiraz yürüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub. Halbuki İranda yaşayan müxtəlif millətlər, o cümlədən azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər.

Buna baxmayaraq, molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Tel-Əvivin Rza Pəhləviyə inamı artacaq, əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar”.

Xatırladaq ki, Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur. 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun