ABŞ-İsrail və İran arasında davam edən müharibə 17-ci gününə daxil olub. Tərəflər arasında qarşılıqlı hücumlar və sərt bəyanatlar regionda gərginliyi daha da artırıb.
Medianews.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Əli Məhəmməd Naini ABŞ prezidenti Donald Trampın İranın dəniz qüvvələrinin məhv edildiyi barədə açıqlamasına reaksiya verib.
O bildirib ki, Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır.
Naini qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələri düşmənin dənizdəki hücumlarına cavab olaraq hava qüvvələri ilə birlikdə raket və pilotsuz uçuş aparatları ilə hərbi bazalar və döyüş gəmilərini hədəfə alır.
Onun sözlərinə görə, Oman dənizi istiqamətində yerləşən ABŞ-yə məxsus bəzi döyüş gəmiləri İranın qanadlı raket hücumlarından sonra bölgədən geri çəkilib və ehtimal ki, ciddi zərər gördükləri üçün təmirə göndəriliblər.
Naini həmçinin bildirib ki, indiyədək ABŞ və İsrailə məxsus hədəflərə qarşı təxminən 700 raket və 3600 pilotsuz uçuş aparatı istifadə olunub. O əlavə edib ki, istifadə olunan raketlərin bir qismi köhnə modellərdir və İranın daha yeni silahları hələ döyüşdə tətbiq edilməyib.
İran rəsmisi ABŞ prezidentinə müraciətlə deyib:
“Tramp İranın dəniz gücünü məhv etdiklərini deyir. Əgər cəsarəti varsa, gəmilərini Fars körfəzinə gətirsin”.
Naini bildirib ki, müharibənin başa çatması yalnız İranın hərbi və ictimai gücünün qəbul edilməsindən sonra mümkün olacaq və hücumların davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İranın müxtəlif hərbi obyektlərinə zərbələr endirib. İran isə buna cavab olaraq İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyndə müəyyən hədəflərə hücumlar həyata keçirib.
İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumları nəticəsində ölənlərin sayı 1348-i, yaralıların sayı isə 17 mindən çoxdur.
Medianews.az