ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb.
Medianews.az xəbər verir ki, Vaşinqton bunu danışıqlara vaxt qazanmaq addımı kimi təqdim etsə də, Tehran qərarı mümkün hücum hazırlığı kimi qiymətləndirib.
ABŞ tərəfi atəşkəsin danışıqlar yekunlaşana qədər davam edəcəyini bildirir. Həmçinin Hörmüz boğazı ətrafında məhdudiyyətlərin saxlanılacağı və ordunun hazır vəziyyətdə olacağı vurğulanıb.
İran rəsmiləri isə bu addımı sərt tənqid edərək, blokadasının davamını “müharibə addımı” kimi dəyərləndirib. Rəsmi Tehran ABŞ-nin müharibəni uduzduğunu və şərt diktə edə bilməyəcəyini iddia edir.
İranın Birləşmiş Millətlər Təşkilatı yanındakı səfiri danışıqlara qayıdış üçün əsas şərti açıqlayıb: Hörmüz boğazındakı blokada aradan qaldırılmalıdır. Bu tələb yerinə yetirilmədən Tehran masa arxasına dönməyəcəyini bildirir.
Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-yə xəbərdarlıq edərək bəyan edib ki, toqquşmalar yenidən başlasa, əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə daha sərt zərbələr endiriləcək. Körfəz ölkələrinə də mesaj göndərilərək, ərazilərindəki ABŞ bazalarından istifadə olunacağı təqdirdə neft obyektlərinin hədəfə alınacağı bildirilib.
Qarşılıqlı sərt bəyanatlar bölgədə gərginliyin yenidən artması riskini gücləndirir.
Medianews.az