Medianews.az
İran ABŞ-yə xəbərdarlıq etdi:
96 baxış

İran ABŞ-yə xəbərdarlıq etdi: "Dəniz ticarətini dayandıra bilərik”

İran ABŞ-nin dəniz ablukasını davam etdirəcəyi təqdirdə Qırmızı dəniz, Fars və Oman körfəzlərində ticarət axınını dayandıracağı ilə hədələyib.

Medianews.az-ın məlumatına görə, Tehran bildirib ki, bu halda bölgədə heç bir ticarət marşrutu təhlükəsiz olmayacaq.

ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz ablukasından sonra rəsmi Tehran sərt reaksiya verib. İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” qərargahı açıqlamasında qeyd olunub ki, İran gəmilərinə təzyiq davam edərsə, dəniz ticarəti hədəfə alınacaq: “Bu şəraitdə ticarət axınına icazə verməyəcəyik.”

İran rəsmiləri ABŞ-nin addımını beynəlxalq hüquqa zidd və “piratlıq” kimi qiymətləndirərək təhlükəsizliyin “ya hamı üçün, ya heç kim üçün” olacağını vurğulayıb.

Məlumata görə, ABŞ qüvvələri İran limanlarından çıxan bəzi ticarət gəmilərini saxlayaraq geri qaytarıb və bölgədə hərbi nəzarəti gücləndirib. Bu addım Vaşinqtonun İranın nüvə proqramı və regional fəaliyyəti ilə bağlı təzyiqi artırması fonunda atılıb.

Ekspertlər xəbərdarlıq edir ki, gərginliyin artması qlobal neft daşımalarının təxminən 20 faizinin keçdiyi strateji marşrutları risk altına sala bilər. Artıq neft qiymətlərində artım müşahidə olunur.

İranın açıqlaması Yaxın Şərqdə qarşıdurmanın dənizlərə yayılması ehtimalını gücləndirib. Xüsusilə Qırmızı dəniz və Hörmüz boğazı kimi kritik keçidlərdə mümkün böhran qlobal ticarətə ciddi təsir göstərə bilər.

Medianews.az

 

Bizə qoşulun