Medianews.az
İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracı
99 baxış

İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Almaniya şirkətləri ilə Azərbaycanın qazının ixracı ilə bağlı 10 illik müqavilə bağlayıblar və ilkin həcm 1,5 milyard kubmetrdir.

Medianews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Almaniya arasında ümumi ticarət dövriyyəsi ötən il 1,5 milyard dollar ətrafında olub və bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır:

"Bizim ixracımızın əsas hissəsi xam neftdir. Bir neçə yüz milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir. Nə qədər lazımdır o qədər təchiz edə bilər".

Prezident xatırladıb ki, bu ildən Azərbaycan Almaniyaya təbii qaz satmağa başlayıb:

"Ötən il ümumi qaz ixracımız 25 milyard kub metr idi və onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir".

Prezident bildirib ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırıb və bu əsas problemlərdən biridir.

Dövlət başçısı qeyd edib ki, beləliklə, bu gün Avropanı qaz ilə təchiz edən infrastrukturu genişləndirmək üçün Azərbaycan başqa mənbələrdən kreditlər almalıdır.

"Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə, nəzər alsaq ki, Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir. Ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsulları ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərtilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, infrastrukturunun tikintisə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan öz qaz ixracını Avropa məkanına, o cümlədən Almaniyaya böyük dərəcədə artıra bilər".

Bizə qoşulun