"Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi ilə bağlı yeni iddia yayılıb.
Medianews.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, futbolçunun Argentinadan xaricə çıxışına məhkəmə qərarı ilə müvəqqəti qadağa qoyulub.
Məlumata əsasən, qərar İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın vəkillərinin müraciətindən sonra qəbul edilib. İddia olunur ki, məsələ cütlüyün qızları İzabella və Françeska ilə bağlı maliyyə öhdəlikləri ilə əlaqədardır.
Hazırda Argentinada olan İkardinin bu səbəbdən Türkiyəyə qayıda bilmədiyi bildirilir. Futbolçunun "Qalatasaray"la bağlı proseslər üçün yaxın günlərdə Türkiyəyə gəlməsi planlaşdırılırdı.
Xəbərdə qeyd olunur ki, İkardinin vəkilləri qadağanın ləğv edilməsi üçün məhkəmədən təcili iclas keçirilməsini istəyiblər.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib və yalnız İtaliya mətbuatının yaydığı iddiaya əsaslanır.