Medianews.az
Hökumət qiyməti 65 dollara endirir – Doğru qərardırmı? - ŞƏRH
1,819 baxış

Hökumət qiyməti 65 dollara endirir – Doğru qərardırmı? - ŞƏRH

Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. Proqnozda 2026-cı ilin dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barrelinin qiyməti 65 ABŞ dolları məbləğində götürülüb. Bu, 2025-ci ilin dövlət büdcəsində müəyyənləşdirilmiş qiymətlə müqayisədə 5 dollar aşağıdır. Büdcədə neftin qiymətinin aşağı salınması doğru qərardırmı? Doğrudursa, qiymət 65 dollar, yoxsa daha ucuz götürülməli idi?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli öncə xatırladıb ki, 2025-ci ilin büdcəsində bir barrel neft 70 dollardan götürülüb: “Həmin qərar verilənədək daha yüksək qiymətlər təklif olunurdu, amma sonda 70 dollar qəbul edildi. Nazirlər Kabineti ona görə qiymətləri yüksək götürür ki, daha aşağı qiymətlər büdcə gəlirlərinin hesablanmasında problem yaradır, büdcə gəlirləri kəskin aşağı düşür. Gəlirlər aşağı düşəndə isə büdcə xərclərini də azaltmaq məcburiyyəti yaranır. Yaxud da büdcənin kəsiri artır. Azərbaycan hökumətində də kəsirin artırılmasına qarşı çox neqativ münasibət var. Yəni hökumət büdcə kəsirinin çox artmasına imkan vermir. Bu, əslində doğrudur. Büdcə kəsirinin kəskin artması dövlətlər üçün o qədər də yaxşı hal deyil. Azərbaycanın dövlət büdcəsində neftin qiymətinin yüksək götürülməsi də məhz bununla bağlıdır. İndi 65 dollar təklif olunur. Mənə elə gəlir ki, bu, çox optimist yanaşmadır”.

N.Cəfərli qeyd edib ki, rəqəm 65 dollar yox, məsələn, 60 dollar götürülsəydi, büdcə gəlirlərində azalmalar müşahidə olunar, büdcə xərclərini daraltmaq məcburiyyəti yaranardı: “Ona görə də hələlik 65 dollar götürülməsini bu məntiqlə izah etmək olar. Məncə, biz gələn il dünya bazarlarında neftin daha aşağı qiymətlərə satıldığını görə bilərik. Əgər geosiyasi gərginlik artmasa, Yaxın Şərqdə çox iri və şiddətli müharibələrə şahidlik etməsək, neftin qiyməti kəskin düşə bilər. Çünki hasilat artır. Həm ABŞ-də hasilat artır, həm də neft ixracatçılarının OPEK+ koalisiyasına daxil olan ölkələr gələn ildən hasilatı daha da artırmaq qərarı veriblər. Hasilatın artımı fonunda isə qiymətlərin 55-60 dollara düşəcəyi gözləniləndir. Amma dediyim kimi geosiyasi gərginliklər və müharibələr çoxalsa, bu zaman neftin qiyməti hətta 80, 85, 90 dollara da qalxa bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun