Dünyada diabet və damar tutulması səbəbindən yaranan qanqrena halları sürətlə artır. Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında diaqnoz qoyulmazsa bu xəstəlik amputasiya (bədənin hər hansı bir hissəsinin cərrahi yolla və ya travma nəticəsində kəsilib ayrılmas) ilə nəticələnə bilər.
Medianews.az xəbər verir ki, bunun bağlı türkiyəli ürək-damar cərrahı, dosent Emre Selçuk danışıb.
O bildirib ki, əvvəllər qanqrenanın əsas səbəbi travmalar və qəzalar hesab olunsa da, hazırda vəziyyət dəyişib. Onun sözlərinə görə, bu gün qanqrena nəticəsində amputasiyaya məruz qalan xəstələrin təxminən 60 faizi damar tıxanıqlığı səbəbindən bu problemlə üzləşir.
Mütəxəssis qeyd edib ki, statistik proqnozlara görə, 2050-ci ildə yalnız ABŞ-də hər il təxminən 3 milyon insan qanqrena səbəbindən amputasiya riski ilə qarşılaşa bilər.
İlk əlamətlər nələrdir?
Həkimin sözlərinə görə, xəstəlik adətən qəfil başlamır və mərhələli şəkildə inkişaf edir.
- İlk mərhələdə yeriyərkən ayaqlarda ağrı yaranır;
- Sonrakı mərhələdə ayaqlarda keyimə, soyuqluq və solğunluq müşahidə olunur;
- Daha ağır hallarda ayaq barmaqları və daban nahiyəsində qaralma və yaralar əmələ gəlir.
Bu mərhələlərdə vaxtında müdaxilə edilərsə damarların açılması və qan dövranının bərpası mümkündür. Lakin xəstəlik irəliləyib qanqrena formalaşdıqda yeganə çıxış yolu amputasiya ola bilər.
Zamanında diaqnoz həyati əhəmiyyət daşıyır
Emre Selçuk vurğulayıb ki, periferik damar xəstəliklərinin böyük hissəsi erkən diaqnoz və düzgün müalicə ilə nəzarət altına alına bilər. Müalicə üsullarına angiografik müdaxilələr, bypass əməliyyatları, hibrid cərrahiyyə və dərman müalicəsi daxildir.
Həkim qeyd edib ki, bu vəziyyət “kritik ayaq xəstəliyi” kimi tanınır və mahiyyət etibarilə qanqrena ayağın infarktıdır. Ona görə də erkən diaqnoz və vaxtında tibbi müdaxilə bədən hissələrinin xilas edilməsində əsas rol oynayır.
Medianews.az