Medianews.az
Futbol duası
62 baxış

Futbol duası

Seyid Əzim Şirvaninin “Allaha rüşvət” adlı bir şeiri var, orda Həmədan camaatının quraqlıq üzündən əziyyət çəkməsindən bəhs edilir. Fikirləşirlər nə edək yağış yağsın, pul toplayırlar, verirlər bir nəfər ağsaqqala ki, aparıb Allaha çatdırsın, bəlkə yağış yağdırsın. Ağsaqqal çöllü-biyabanda gedəndə ova çıxmış hansısa ağanı görür, elə bilir Allah-təala budur, pulları verir ona, qayıdır obaya. Təsadüfən selləmə yağış yağır, mal-heyvan, camaatın özü batır, qırılır. Yenə ağsaqqallar toplaşır, deyirlər yəqin rüşvəti çox verdik, ona görə yağış artıq yağdı. Yaxşısı budur həmin yeri Seyidin özündən oxuyaq: “Əzqəza, ruzi-cümə yağdı yağış, Mürtəfe oldu seyl yeddi qarış. Qəryə heyvanları həlak oldu, Xəlq tufanla zəhrəçak oldu. Dedilər: - Ol xudayi-biminnət, Harda görmüşdü min tümən rüşvət? Pulu çox gördü, eylədi ifrat, Deyəsən ki, atıbdı həbbi-nişat”.

Həmədan İran tərəfdə bölgədir və əslində hazırda da o tərəflərdə ağsaqqalların vəziyyətində böyük dəyişiklik yoxdur. Ancaq Trampın sahəsinə girmək fikrində deyiləm, Seyidin əsərini başqa əziz bölgəmizdə - Türkiyədəki əhvalata görə xatırladım. Orda TÜBİTAK adlı dövlət idarəsi var, elm və texnologiyanı araşdırmaq üçün qurulubdur. Təxminən bizim Elm Fondu kimi alimlərin projelərini maliyyələşdirir, qrantlar verir. Bugünlərdə türk mediası tragikomik fakt aşkara çıxarıb, sən demə TÜBİTAK... yağış dualarını araşdırmaq üçün 3 milyon lirə (bizim pulla təxminən 113 min manat) ayırmışdır.

Açığı, mənə çox gülməli gəldiyi üçün axtarıb projenin dəqiq adını da tapdım: “İslam tarixində katılımlı dua örnəyi olaraq yağmur dualarının eko-teolojik analizi”. Proje başçısı isə Bursa Universitetindən bir nəfər hicablı zənən xeylağı idi.

Bəh-bəh... İndən belə uşağı oxumağa ancaq Türkiyəyə göndərmək lazımdır. Doğrudur, bizim özümüzdə də yaxşı alimlər var idi, məsələn, AMEA Fizika İnstitutunda mələyin uçma sürətini tapmışdılar. Quran ayələri əsasında! Yaxud, Şamaxı Rəsədxanası hər il Həcc ziyarətinin məbləğini dədiq tapırdı – Saturn və Yupiterin arasındakı bucağa əsasən. Lakin biz rəsədxananın həyətində çoxlu kababxana açdıq, indi münəccimlərimizin teleskopu tüstüdən yaxşı görmür, pul səhv çıxır.

Türk alimlərinin yağmur duası araşdırmaları, hesab edirəm, bir elmi suala da aydınlıq gətirməlidir: yağışın yağması üçün dualarla, yağışın kəsməsi üçün dualar arasında hansı fərqlər vardır? Çünki biz keçən günlər Bakını və şəhərimizin qonaqlarını su basanda bu elmin vacibliyini dərindən anladıq. Doğrudan da çox dərin olmuşdu. O zaman hamı ADSEA idarəsinin üstünə düşmüşdü, halbuki, bəlkə beş-üç kəlmə dua eləməklə məsələnin həlli mümkün imiş. Atalarımız demişkən, dua oxu, donuz darıdan çıxsın.

Çox şeylərdə belə sadə, dədə-babadan qalma, əsrlərin sınağından çıxmış həll yolları var, gərək unutmayasan. Məsələn, bugünlərdə milli futbol çempionatımızda hakimlərin bərbad idarəçiliyi haqda çoxlu xəbərlər paylaşılır. Əyləncə üçün epizodları mən də izlədim, həqiqətən, futbolumuz inkişafdadır: ofsayddan qol vuran, əliylə top saxlayan... Əsas odur Masazır bu dəqiqə faktiki Paris kimi yer olub, futbol komandasında hamı, üzr istəyirəm, “qara millət”dən imiş. Təsəvvür elə, Azərbaycan kuboku uğrunda oyun gedir, meydanda damazlıq 1 dənə azərbaycanlı yoxdur. Camaat bunun nəyinə, türkün sözü, “balet” eləyir, qanmıram. Yəqin Seneqal çempionatına baxmağa hamı gedə bilmir.

Uzun sözün qısası, hakimlərdən narazılıq var, ancaq bunu düzəltmək çox asandır: Ağır Cinayətlər Məhkəməsinin hakimlərini futbola cəlb etmək. Onların ədalətini görəndə futbol hakimlərimizə dua edərsiniz.

Zamin HACI 

Bizə qoşulun