Medianews.az
Erməni revanşistlər Nizami kəndində - AD yaşayır, azərbaycanlılar isə...
94 baxış

Erməni revanşistlər Nizami kəndində - AD yaşayır, azərbaycanlılar isə...

Ermənistan saytlarında bu gün maraqlı bir məlumat gedib. Orada deyilir ki, rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyasının nümayəndələri qədim yurd yerlərimizdən olan Zəngibasar mahalının (indiki Ararat vilayəti, Masis bələdiyyəsinin) Nizami və Sis kəndlərində olublar. Sakinlərlə seçki vədlərindən danışıblar.

Diqqəti ən çox çəkən də məhz Nizami adıdır.

Arayış üçün: vaxtilə azərbaycanlıların yaşadığı və ötən əsrin 80-ci illərində zorla tərk edilən kəndə bu ad 1978-ci ildə verilib. Həmin tarixdə Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin əvvəlki Yuxarı Necili adı Nizami olaraq dəyişdirilib. Eyni tarixdə yaxınlıqdakı Aşağı Necili kəndinə isə Sayat-Nova adı verilib. Yəni, Qarabağda dağıdıcı separatçı hərəkat başlamazdan təxminən 10 il öncə...

Nizami adının seçilməsi ilə bağlı müxtəlif izahlar var. Rəsmi olaraq kənd böyük şairimiz Nizami Gəncəvinin şərəfinə adlandırılıb. Bununla bahəm, şübhəsizdir ki, ad dəyişmə Ermənistanda 1970-ci illərdə həyata keçirilən Azərbaycan yaşayış məntəqələrinin adlarının erməniləşdirilməsi siyasətinin tərkib hissəsi olub.

Məsələ də ondadır ki, başqa Azərbaycan kəndlərinin adları həmin yaşayış məskənlərinə dəxli olmayan uydurma adlara kütləvi şəkildə dəyişdirilirkən, Nizami adı hətta Ermənistan monoetnik respublikaya çeviriləndən sonra belə, yəni, bu günədək saxlanmaqdadır. Nə əcəb? Bu, bizim yaxşı tanıdığımız toplumsa, nə baş verib? İstisnanın səbəbi görəsən nədir, yaxud nəymiş?

Yeganə ağla batan versiya ermənilərin Nizami Gəncəvini fars şairi kimi təqdim və qəbul edib guya öz aləmlərində İrana reverans eləməsi ola bilər. Necə ki, İrəvandakı Göy məscidi də farsların adına çıxarırlar. Bundan ötrü məscidin xarici görkəminə uzun illər ərzində “əl” də gəzdirilib. Yada salaq: işğal dövründə Şuşadakı Yuxarı Gövhər ağa məscidinə (Şuşa Cümə məscidi) də eyni məqsədlə, təmir bəhanəsi ilə müdaxilələr edilmişdi...

Qarabağ zəfəri Azərbaycanın beynəlxalq nüfuzunu artırıb – RƏY

Ancaq Türkə nifrəti bitməyən mənfur düşmən və onun məkrli havadarları nə qədər dəridən-qabıqdan çıxıb iz itirməyə çalışsa da, tarixi ədalət öz yerini gec-tez tutur. Bu bəd əməlin nəticələri onun müəlliflərinin mənsub olduğu millətin başında çatlayır və çatlayacaq. Bumeranq mütləq geri qayıdır və qayıdacaq.

Yeri gəlmişkən, hazırda Qarabağdakı alban irsinin öz tarixi görkəminə və həqiqi sahibinə qaytarılması prosesi davam edir. Erməni kilsəsinin haray-həşirinə rəğmən, Azərbaycan Haqqı batilin ayağına vermək fikrində deyil. Həm də ona görə ki, bizə qarşı əsassız ərazi iddiasının qayəsində həmişə “erməni mədəni-dini irsi” haqda nağıllar və miflər dayanıb.

Amma və lakin nə yaxşı ki, Haqq nazilsə də üzülmür. Odur ki, günün birində Qərbi Azərbaycana qayıdış da gerçəyə dönəcək. Mütləq. Geri dönüş isə Prezidentin vurğuladığı kimi, avtomobillərlə olacaq.

Hələ ki, avtomobillərlə...

Z.SƏFƏROĞLU

Bizə qoşulun