Sağlam qidalanma üçün faydalı məhsulların mütləq baha olması vacib deyil.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Marina Stepanenko Gazeta.ru-ya açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, faydalı xüsusiyyətlərinə görə ən qiymətli və eyni zamanda az dəyərləndirilən ərzaqlardan biri dəniz kələmidir. O bildirib ki, bu məhsulun 100 qramında orqanizm üçün gündəlik yod tələbatı tam şəkildə ödənilir. Bundan əlavə, dəniz kələmi maqnezium, kalium, dəmir və B qrup vitaminləri ilə də zəngindir. Qidalanma üzrə mütəxəssis qeyd edib ki, bu maddələr qalxanabənzər vəzinin fəaliyyəti və sinir sistemi üçün mühüm rol oynayır.
Stepanenko daha bir az qiymətləndirilən ərzaq kimi bütöv noxudu göstərib. Onun sözlərinə görə, noxud bitki mənşəli zülal və liflə zəngindir. Lif maddəsi qanda şəkərin və xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edir. Bu isə ürək-damar xəstəlikləri riskinin azalmasına şərait yaradır. Mütəxəssis siyahıya kətan toxumunu da daxil edib. O bildirib ki, kətan toxumu omeqa-3 yağ turşuları və güclü antioksidantlarla zəngindir.
Bu maddələr ürək və beyin sağlamlığını qoruyur, həmçinin orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir. Bununla yanaşı, mütəxəssis əlçatan balıq növlərindən istifadənin də vacibliyini vurğulayıb. Xüsusilə Atlantik siyənəyinin faydalı yağlar və zülal baxımından zəngin olduğu qeyd olunub. Siyahıda mal qaraciyəri də yer alıb. Bildirilib ki, bu məhsul dəmir və A vitamini ilə zəngin olduğu üçün qanazlığı riskini azaltmağa kömək edir.
Qidalanma üzrə mütəxəssisin sözlərinə görə, bu ərzaqların gündəlik qida rasionuna daxil edilməsi həm sağlamlığı qoruyur, həm də əlavə xərc tələb etmir.