Medianews.az
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış:
92 baxış

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: nə dəyişir və risklər haradadır?

Yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər müzakirə olunub.

Dəyişikliklərin məqsədi elektron sübutların toplanmasının hüquqi çərçivəyə salınmasıdır.

Layihəyə əsasən, müstəntiq bəzi təxirəsalınmaz hallarda məhkəmə qərarı olmadan kompüterə, telefona, serverə və digər İKT sistemlərinə baxış keçirə və məlumatları götürə biləcək.

Əsasən şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı ağır və xüsusilə ağır cinayətlər üzrə, sübutların dərhal gizlədilməsi və ya məhv edilməsi riski olduqda, təxirəsalınmaz hallarda bu dəyişikliyin tətbiqi nəzərdə tutulur.

Anlaşıqlı desək, bu o deməkdir ki, əgər istintaqda terror və ya dövlətə qarşı ağır cinayətlə bağlı sübutların konkret şəxsin telefonunda olduğu və həmin məlumatların dərhal silinəcəyi barədə əsaslı məlumat varsa, müstəntiq artıq hakimin qərarını gözləmədən həmin cihaza baxış keçirə biləcək.

Provayderlər, mobil və telekom operatorlarda olan istifadəçi məlumatlarını da , əgər ağır cinayətlər üzrə təxirəsalınmaz risk yaranması müəyyən olunacaqsa, məhkəmə qərarı olmadan müvəqqəti əldə edilməsi mümkün olacaq.

Bu dəyişikliklər cinayətlərin rəqəmsallaşması, elektron sübutların tez məhv edilməsi riski və BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının tələbləri ilə əsaslandırılır.

Əlbəttə, cinayətlərin böyük hissəsi artıq rəqəmsal mühitdə törədilir, elektron sübutlar saniyələr içində məhv edilə bilir.

Klassik prosedurlar da bəzən istintaqı gecikdirir.

Bu baxımdan dəyişikliyin müsbət tərəfi ondan ibarətdir ki, kibercinayətlərə qarşı operativlik artır, elektron sübutlar daha aydın hüquqi mexanizmə salınır.

Amma burada risklər də var. Əsas risklər də qanunun mətnində yox, tətbiqində olacaq.

Əgər “təxirəsalınmaz hal” anlayışı geniş şərh edilərsə, müstəntiq istintaq predmeti ilə birbaşa əlaqəsi olmayan şəxsi yazışmalar, peşə sirri və biznes məlumatlarına da çıxış əldə edə biləcək.

Bu isə düzgün nəzarət mexanizmləri olmadıqda əlavə məlumatları təsir və ya şantaj vasitəsinə çevrilə bilər. Yəni, kiminsə kompüteri və ya telefonunda olan, cinayətə dəxli olmayan məlumatlar kimin üçünsə biznes və siyasi təsir üçün göydəndüşmə ola bilər.

Bunlar necə qorunacaq, cinayətə dəxli olmayan şəxsi məlumatlar, yazışmalar, biznes məlumatları necə qorunacaq, jurnalistin məhkəmə qərarı olmadan mənbəni açıqlamamaq prinsipi necə gözləniləcək?.. Suallar çoxdur.

Beləliklə, düşünürəm ki, yeni dəyişikliklər rəqəmsal mühitdə cinayətkarlıqla mübarizə üçün zəruri, lakin çox həssas, riskli və ciddi nəzarət tələb edən mexanizmdir. Ciddi audit mexanizmləri, şəffaflıq, məlumatların məhv edilməsi mexanizmləri hazırlanmalıdır.

Bu dəyişikliklərin praktikada necə tətbiq olunacağını isə zaman göstərəcək.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun