Medianews.az
Əmək bazarında təhlükəli tendensiya:
173 baxış

Əmək bazarında təhlükəli tendensiya: İnsanlar niyə iki-üç işdə çalışır? – Ekspertdən AÇIQLAMA

Son dövrlər əmək bazarında müşahidə olunan əsas meyillərdən biri insanların yalnız bir işlə kifayətlənməyərək əlavə qazanc mənbələri axtarmasıdır. Artan yaşayış xərcləri səbəbindən bir çox vətəndaş ikinci, hətta üçüncü işdə çalışmaq məcburiyyətində qalır. Bu vəziyyət onların həm maddi rifahına, həm də fiziki və psixoloji sağlamlığına birbaşa təsir edir. Mütəxəssislər hesab edirlər ki, belə tendensiya mövcud əməkhaqlarının insanların gündəlik tələbatını tam ödəmədiyi barədə suallar yaradır. Bəs əmək bazarında daha dayanıqlı sosial-iqtisadi mühitin formalaşması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev açıqlama verib.

O bildirib ki, insanların əlavə qazanc mənbələri axtarması təkcə fərdi seçim deyil, eyni zamanda əhalinin alıcılıq qabiliyyəti, əməkhaqqı səviyyəsi və yaşayış xərcləri arasında balansın pozulduğunu göstərən mühüm siqnaldır.

Onun sözlərinə görə, bir çox hallarda vətəndaşların ikinci və ya üçüncü işdə çalışması onların gəlirlərini artırsa da, uzunmüddətli perspektivdə əmək məhsuldarlığının azalmasına, sağlamlıq problemləri və ailə həyatında çətinliklərin yaranmasına səbəb olur:

“Davamlı iqtisadi inkişaf üçün əsas məqsəd insanların daha çox işləməsi deyil, bir iş yerindən əldə etdikləri gəlirin layiqli həyat səviyyəsini təmin etməsidir. Əmək bazarında daha dayanıqlı sosial-iqtisadi mühitin formalaşdırılması üçün ilk növbədə əməkhaqlarının iqtisadi reallıqlara və inflyasiya səviyyəsinə uyğun şəkildə artırılması, yüksək əlavə dəyər yaradan sahələrin inkişaf etdirilməsi və məhsuldarlığa əsaslanan əməkhaqqı modelinin təşviq edilməsi vacibdir. Bununla yanaşı, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması və əmək qanunvericiliyinin effektiv tətbiqi də xüsusi əhəmiyyət daşıyır. İşçilərin sosial təminatının və əmək hüquqlarının qorunması həm onların rifahını artırır, həm də iqtisadiyyatda uzunmüddətli sabitliyə töhfə verir”.

E.Quliyev qeyd edib ki, nəticə etibarilə, bu problemin qısa müddətdə tam həllini gözləmək real deyil:

“Bunun üçün əmək məhsuldarlığının artırılması, iqtisadiyyatın daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi və biznes mühitinin inkişafı kimi uzunmüddətli islahatlar tələb olunur. Eyni zamanda, əməkhaqlarının inflyasiya və yaşayış xərclərinə uyğun şəkildə tənzimlənməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi və işçi bacarıqlarının inkişafına investisiyaların artırılması mərhələli şəkildə insanların əlavə iş axtarmaq məcburiyyətini azalda bilər. Əsas məqsəd vətəndaşın daha çox saat işləməsi deyil, bir iş yerindən əldə etdiyi gəlirlə normal həyat səviyyəsini təmin edə bilməsidir. Bu isə iqtisadi artımın əmək bazarında əməkhaqlarına və əhalinin rifahına real şəkildə təsir göstərməsi ilə mümkün olacaq”. 

Oğuz Ayvaz,

Medianews.az 

 

Bizə qoşulun