Bu gün 23-cü dünya futbol çempionatı start götürür. A qrupunda ilk oyun çempionata ev sahibliyi edən ölkələrdən Meksikada başlanır.
Bu qrupda dörd komanda var: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya.
Medianews.az xəbər verir ki, A qrupu mərhələsinin oyunlarının böyük hissəsi Meksikada təşkil olunacaq. Qarşılaşmaların ikisi Mexiko şəhərində, ikisi Qvadalaxarada, biri isə Monterreydə keçiriləcək. Meksikadan kənarda baş tutacaq yeganə oyun isə iyunun 18-i ABŞ-nin Atlanta şəhərində Çexiya ilə Cənubi Afrika arasında oynanılacaq.
Meksika millisinin iki oyunu 1970 və 1986-cı illərdə dünya çempionatının final qarşılaşmalarına ev sahibliyi etmiş, yaxın zamanda yenidən qurulan məşhur “Azteka” stadionunda keçiriləcək.
Medianews.az A qrupunda yarışan komandalar haqda arayışları oxuculara təqdim edir.
Meksika
40 ildən sonra yenidən dünya çempionatına ev sahibliyi edən Meksika millisi 2022-ci ildə Qətərdə keçirilən mundialda qrup mərhələsində mübarizəni dayandırmışdı. 1994–2018-ci illərdə isə ardıcıl yeddi dəfə 1/8 final mərhələsində turnirlə vidalaşmışdı.
Meksika millisi yalnız iki dəfə – 1970 və 1986-cı illərdə (hər iki halda ev sahibi olduğu mundialda) dörddəbir finala yüksələ bilib.
Hazırda komandanın ümid bəslədiyi əsas oyunçulardan biri 17 yaşlı yarımmüdafiəçi Xilberto Moradır. O, ötən il 16 yaşında Meksika milli komandasının heyətində çıxış edən ən gənc futbolçu kimi tarixə düşüb.
Yığmaya üçüncü dəfə rəhbərlik edən təcrübəli mütəxəssis Xavyer Aqirre 2024-cü ildən komandanın baş məşqçisidir.
Aqirre FİFA-nın rəsmi saytına açıqlamasında bildirib: “Özümü şanslı hesab edirəm. Burada olduğum və sevdiyim işi gördüyüm üçün hər gün şükür edirəm. Mən meksikalıyam və məşqçilik karyeramın ən möhtəşəm anı yaxınlaşır. Futbolçu kimi öz ölkəndə keçirilən dünya çempionatında oynamaqdan daha böyük hiss yoxdur”.
Cənubi Afrika
Cənubi Afrika 2010-cu ildə dünya futbol çempionatına ev sahibliyi edib. O vaxt Fransa üzərində 2:1 hesablı sensasion qələbə qazansa da, qrup mərhələsində mübarizəni dayandıran ilk ev sahibi olub.
Hazırda Cənubi Afrika millisi 2010-cu ildən sonra ilk dəfədir dünya çempionatına çıxır.
Cənubi Afrika yığması 1998 və 2002-ci illərdə də mundialda iştirak edib, amma heç birində pley-off mərhələsinə yüksələ bilməyib.
Afrika zonası üzrə seçmə mərhələdə Nigeriyanı qabaqlayan komanda bu dəfə dünya çempionatına vəsiqə qazanmağı bacarıb.
2021-ci ildən yığmanı belçikalı mütəxəssis Hüqo Brus çalışdırır. Komandanın əsas hissəsi yerli çempionatlarda çıxış edən futbolçulardan formalaşıb.
Cənubi Koreya
Cənubi Koreya Asiya ölkələri arasında dünya çempionatlarında ən çox iştirak edən komandadır. Koreyalılar 12-ci dəfədir mundiala vəsiqə qazanırlar.
Komandanın ən uğurlu nəticəsi 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdiyi turnirdə olub. Həmin vaxt Cənubi Koreya dördüncü yeri tutub.
Amma sonralar Cənubi Koreya millisi 1/8 final mərhələsindən irəli gedə bilməyib. 2022-ci ildə Qətərdə keçirilən mundialda Portuqaliyadan sonra qrupu ikinci pillədə başa vuran komanda 1/8 finalda Braziliyaya 1:4 hesabı ilə məğlub olub.
Asiya seçmə mərhələsini məğlubiyyətsiz başa vuran koreyalılar son yoxlama oyunlarında uğursuz nəticələr əldə ediblər. Komanda ötən ay Fil Dişi Sahilinə 0:4, Avstriyaya isə 0:1 hesabı ilə uduzub.
Yığmanın əsas ulduzu və kapitanı hazırda Los-Anceles futbol klubunda çıxış edən Son Hın Mindir. Komandanın diqqət çəkən digər futbolçuları isə PSJ-nin yarımmüdafiəçisi Li Kan İn və “Bavariya”nın müdafiəçisi Kim Min Cedir.
Baş məşqçi Hon Myonq Bo 2024-cü ildən ikinci dəfə Cənubi Koreya millisinin sükanı arxasındadır. Keçmiş müdafiəçi 2002-ci ildə yarımfinala yüksələn komandanın kapitanı olub.
Çexiya
Çexiya millisi 2006-cı ildən sonra ilk dəfədir dünya çempionatına qatılır. Komanda Avropa zonası üzrə pley-off mərhələsində Danimarkanı penaltilər seriyasında məğlub edərək mundiala vəsiqə qazana bilib.
Çexlər 2006-cı il dünya çempionatına yüksək reytinqli komandalar sırasında qatılsalar da, İtaliya, Qana və ABŞ-ın yer aldığı qrupdan çıxa bilməmişdilər.
35 yaşlı keçmiş kapitan Vladimir Darida milli yığmaya qayıdaraq komandanın dünya çempionatına vəsiqə qazanmasına töhfə verib. O, 2021-ci ildə Avropa çempionatından sonra yığmada karyerasını başa vurmuşdu.
Komandanın baş məşqçisi ötən ilin sonlarında Farer adalarına 1:2 hesablı məğlubiyyətdən sonra İvan Haşeki əvəz edən 74 yaşlı Miroslav Koubekdir.